Şair Azad Talışoğlu

11 Yan 2021 15:46
26

Quliyev Azad Əkbər oğlu 1923–cü ildə Masallı rayonunun Qodman kəndində dünyaya göz açmışdır. 18 yaşında müharibəyə getmiş, cəbhədə alman faşistlərinə qarşı vuruşmuş,1943-cü ildə ağır yaralanmışdır. 1945-ci ildən daxili işlər orqanlarında sıravi milis kimi işə başlamışdır. Sonralar milis polkovniki rütbəsinə qədər yüksəlmişdir. ADU-nun tarix fakültəsini bitirəndən sonra DİN-də bir çox məsul vəzifələrdə çalışmışdır.
  Bakı Şəhər Daxili İşlər İdarəsinin, DİN-in pasport qeydiyyatı şöbəsinin rəisi  işləmişdir. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuşdur. 50-ci illərdən başlayaraq dövrü mətbuatda lirik şeirləri dərc edilmişdir. "Talış dağları" (1962), "Çiçəkli diyar" (1964), "Ana məhəbbəti" (1967), "Vətən eşqi" (1973) və başqa kitablarında (şairin 8 şeirlər kitabı işıq üzü görmüşdü) xalqa, vətənə, anaya, həmçinin çiyin-çiyinə çalışdığı asayiş keşikçilərinə həsr etdiyi şeirlər yer almışdır. Ədəbiyyatşünas Rüstəm Rüstəmzadə 26 avqust 1974-cü ildə "Vətən naminə" ("Kirovabad kommunisti") məqaləsində Azad Talışoğlunun yaradıcılığının əsasını "vətənpərvərlik, beynəlmiləlçilik, humanist ruhlu" şeirlərin təşkil etdiyini yazmışdır. Azad Talışoğlunun qələmə aldığı son kitablarından
biri müğənni Ruzə İbişovanın həyat və yaradıcılığına həsr olunmuşdur ("Sən oxuyanda".  Bakı: 2004). 2005-ci ilin yanvarında nəfis şəkildə tərtib olunmuş bu kitabın "Vahid" Poeziya Evində təqdimat mərasimi keçirilmişdir. Azad Talışoğlu 2008-ci ildə vəfat etmişdir.

Facebook: MASALLININ TANINMIŞLARI-Çingiz Rəsulov

Oxşar xəbərlər