Şair, dramaturq, jurnalist - ŞƏKƏR ASLAN

16 İyl 2021 17:36
68

1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Şəkər Mirzə oğlu Aslanov (Şəkər Aslan) 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 

1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1992-ci ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur.

Ədəbi fəaliyyətə "Sosialist subtropikası" Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şeiri ilə başlamışdır. Çap etdirdiyi şeir kitablarında vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapmışdır. Şeirləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş "Samovara od salmişam" bədii-publisistik kitabın müəllifidir.

1982-ci ildə "Sən kimsən, Ata?", 1987-ci ildə isə "Birtərəfli hərəkət" pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Şeirlərinə Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə.Əzimov, H.Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu və s. bəstəkərlar tərəfindən musiqi bəstələnmişdir.

"Bahar yağışı" (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1964. 56 səh.), "Ürəyimi açıram" (Gənclik, Bakı. 1967.52 səh.), "Sənə nəğmə deyirəm" (Gənclik, Bakı. 1969. 104 səh.) "Məhəbbət fəsli" (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1973. 82 səh.), "Живу у моря" (Советский писатель, Москва. 1976. 120 səh. (rus dilində)),
"Sevgi günü" (Gənclik, Bakı. 1977. 104 səh.), "Səni sevdiyim gündən" (Gənclik, Bakı. 1980. 120 səh.), "Bu günlərdən iz qalacaq" (Yazıçı, Bakı. 1982. 144 səh.), "Döy mənim qapımı" (Yazıçı, Bakı. 1986. 136 səh.), "Цветы из Ленкорани" ( Советский писатель, Москва. 1986. 96 səh. (rus dilində)), "Dünyanın sevincləri" (Gənclik, Bakı. 1987. 96 səh.), "Samovara od salmışam" (İşıq, Bakı. 1989.), "Evə məktub" (Yazıçı, Bakı. 1991. 208 səh.), "Payıma düşən ömür" (Avrasiya Press. Bakı. 2012.) kitabların müəllifidir.

1968-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatına, 1981-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

1995-ci il iyunun 12-də vəfat etmişdir.
            Ambur.az

Oxşar xəbərlər