Şəhid bacısı oğlunun müalicəsi üçün kömək istəyir - Foto

18 İyn 2021 13:46
114

Tovuz rayonu, Vahidli kənd sakini Zülfiyyə Rüstəmova anadangəlmə ürək qüsurlu doğulan oğlu İgid Rüstəmovun Mərkəzi Klinikada əməliyyatından imtina edilməsindən narazıdır. 

Ambur.az bildirir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən Z. Rüstəmova bildirib ki, oğlu 3 aylıq olarkən (2017-ci ilin dekabrında) Kiyevdəki Ürək Mərkəzində əməliyyat olunub: “Ötən il onun yenidən əməliyyat olunması lazım idi. Sadəcə Vətən müharibəsində qardaşım Ələkbərov Muraz şəhid olduğuna görə başımız yas mərasiminə qarışdı, buna görə də əməliyyat təxirə düşdü. 

Bu günlərdə Tovuz Mərkəzi Xəstəxanasından sığortanın xəttiylə Mərkəzi Klinikaya əməliyyat üçün gəldik. Əvvəl uşağı anju edib, daha sonra əməliyyata salmalı idilər. Ancaq bizdən əməliyyat üçün əvvəl 1500 manat, daha sonra isə 800 manat pul tələb etdilər. Bizim də əməliyyat üçün pulumuz yoxdur. Şəhid bacısı kimi anju həkimi Vəli həkimdən xahiş etdim ki, əməliyyatı sığortanın xəttiylə etsinlər. Ancaq razılaşmadılar. 

Bizim uşağın əməliyyatı gecikib. Heç bir həkim yaxın durmur. Artıq Mərkəzi Klinikada həkimlərin davranışından sonra uşağımızı ora da etibar edə bilmərik. 
Özüm evdar qadınam. 3 azyaşlı oğul övladımız var. Ümidimiz Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımadır. Ona da uşağın əməliyyat olunması üçün müraciət etmişik”.

“Qafqazinfo” sözügedən məsələylə bağlı Mərkəzi Klinikaya müraciət edib.

Sorğumuza cavab olaraq bildirilib ki, xəstə İgid Rüstəmov həqiqətən də “İcbari Tibbi Sığorta” xidmətinin göndərişiylə klinikaya müraciət edib və həkim uşaq kardioloqunun qəbulunda olub. Müayinədən sonra məsləhət görülən “Ürək boşluqlarının kateterizasiyası” xidmətinin xəstənin həyatı üçün riskli olduğu nəzərə alınaraq hazırda həmin xidmətin icra olunması məqsədəuyğun hesab edilməyib.

Qeyd edək ki, Z. Rüstəmovanın qardaşı Muraz Ələkbərov Vətən müharibəsində oktyabrın 20-də Cəbrayılda şəhid olub. 

Oxşar xəbərlər