Şəhid Fuad Qafarov - 1975-1993

12 Apr 2022 17:24
408

Bu gün I Qarabağ müharibəsi şəhidi Fuad Qafarovun doğum günüdür

Ömrünün 19-cu baharını özünün şərəfli ölümü ilə başa vuraraq şəhidlik zirvəsinə ucalan Fuad Xansuvar oğlu Qafarov 12 aprel 1975-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində dünyaya gəlmişdir. Evin sonbeşiyi atasızlıq nisgilini qəlbində yaşada-yaşada böyümüşdü. Çox sadə, sakit təbiətli, ədəb-ərkanlı bir yeniyetmə kimi tanınırdı. Oxuduğu Cəngəmiran kənd orta məktəbində müəllimlərinin, şagird yoldaşlarının sevimlisi idi. Dərslərini yaxşı oxuyurdu, hamı elə bilirdi ki, məktəbi bitirdikdən sonra ali təhsil almaq barədə düşünəcək. Lakin o, dünyasını vaxtsız dəyişmiş atasının yolunu davam etdirmək üçün sənədlərini Lerik rayonundakı 63 nömrəli texniki-peşə məktəbinə verdi .1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yola düşdü. Xidmət etdiyi hərbi hissədə Fuad özünün mülayim danışığı, xoş xasiyyəti ilə hörmət qazandı. Tezliklə  qumbaraatan silahla davranmağı mənimsədi və özünü sərrast qumbara atan kimi tanıtdırmışdı. Qısa təlim məşqləri keçəndən sonra Göytəpə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşə atılmışdır. Hərbi biliyini artırmaq üçün səylə çalışır, komandirlərinin verdiyi əmrləri can-başla yerinə yetirirdi. Çox keçmədi ki, onu manqa komandiri vəzifəsinə təyin etdilər.

1993-cü il dekabrın 30-da Fuadgilin taboru “N” təpəsinin yaxınlığındakı Fermanı erməni quldurlarından təmizləmək üçün hücuma keçmişdilər. Ermənilər əsgərlərimizin mövqelərini zirehli texnikadan atəşə tuturdular. Fuad onlara yaxınlaşmaqda olan T-72 markalı düşmən tankını nişan alıb tətiyi çəkdi. Tank yerində hərlənib dayandı. Fuadın açdığı atəş boşa çıxmamışdı. Bu zaman həmin istiqamətdən düşmənin ikinci tankı göründü. Lakin bir qədər aralıda erməni pülemyotçusunun əsgərlərimizin sığındığı səngərə tərəf açdığı aramsız atəşlər Fuadın dikəlməsinə və yenidən qumbaraatanı işə salmasına mane olurdu. Buna baxmayaraq Fuadın döyüş yoldaşlarının dediyinə görə Fuad ikinci tankı da vurmağa nail olmuşdu. Daha sonra o, döyüşçü yoldaşının avtomat silahını alıb erməni pülemyotçusunu vurmaq üçün səngərin üstünə qalxdı. Elə bu an düşmən əsgərinin açdığı snayper gülləsi ilə başından ağır yaralandı. Güllə Fuadı ölümcül yaralamışdı və nə qədər çalışdılarsa da onun həyatını xilas etmək mümkün olmadı. Beləlikə Beyləqan istiqamətində gedən döyüşlərdə düşmənin iki tankını sıradan çıxarmış, Qaraqumtəpənin azad edilməsində şücaət göstərmiş şəhid Fuad Qafarov 1993-cü il dekabrın 30-da Vətənin müdafiəsi uğrunda qəhrəmanlıqla canını Vətənə fəda edərək şəhidlik zirvəsinə ucaldı. Fuadın  cənazəsi böyüyüb boya-başa çatdığı Lerik rayonunun Cəngəmiran kəndinə gətirilərək Xəlifə Zəkəriyyə qəbiristanlığının şəhidlər kompleksində torpağa tapşırıldı.

Digər şəhidlərimiz kimi hamıdan daha çox vətənpərvərliyi ilə seçilən Fuad sonda vətənpərvərliyinin sübutu kimi Vətənin şəminə pərvanə olub özünü “yandırmaqla” bu günümüzə və gələcəyimizə əbədi olaraq parıltısı qiyamətədək sönməyən bir işıq saçdı.

Mənbə: Facebook "Cəngəmiran-Canqəmiyon"

Oxşar xəbərlər