Şəhid olan atasının doğum günündə dünyaya gələn və qəhrəman atanın adını daşıyan Taleh

31 Mrt 2021 20:20
271

Taleh Xanmurad oğlu Babayev 02 dekabr 1986-cı ildə Quba rayonunda anadan olub. Uşaqlıq illəri rayonda keçib. 1993-cü ildə Quba rayon İsnov kənd orta məktəbin 1-ci sinfinə gedib, 3 il orada oxuduqdan sonra təhsilini Quba şəhər 2 saylı tam orta məktəbində davam etdirib və 2003-cü ildə təhsilini başa vurub. 01 yanvar 2005-ci ildə Quba rayon Hərbi komissalığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Müdaifə Nazirliyinin "N" saylı hərbi hissəsinə göndərilib. Xidmətini başa vurduqdan sonra evinə qayıdıb. Ata-anasına kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayıb. 2007-ci ildə ailə həyatı qurub. 

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək istəyən Taleh oktyabr ayının 5-də könüllü olaraq Quba rayon Hərbi komissarlığına baş vuraraq qeydiyyatdan keçmək istədiyini deyir. Talehə "Səni göndərə bilmərik, sənin üç övladın var. İnşallah ki, yaxında biri də olacaq" -deyilir. Lakin Taleh onlara "Siz göndərməsəniz mən başqa bir şəkildə gedəcəyəm, maşın tapıb, başqa bir yolla gedəcəyəm və döyüşdə iştirak edəcəyəm" -deyib. Taleh öz istədiyinə nail olur və döyüş bölgəsinə yola düşür. Talehin döyüş yolu Füzulidən başlayır və Hadrut, Ağdam, Qubadlı rayonlarına kimi vuruşur. Döyüşlərdə yüksək qəhrəmanqlıq göstərən qəhrəman Taleh sözün əsl mənasına düşmənə sinə gərir. Düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir.

Düşmənə sinə gərən Taleh daha sonra Şuşa uğrunda gedən döyüşlərə qatılır və noyabr ayının 5-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçməklə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi səhərisi gün, noyabr ayının 6-da Quba rayonunun Yenigüləzi kəndinə gətirilir və kənd qəbiristanlığında dəfn edilir. Şəhidimiz ölümündən sonra 3 oğul və 1 qız övladını xalqımıza əmanət qoyur. Şəhidin sonuncu övladı onun ölümündən bir ay sonra elə onun öz doğum günü, dekabr ayının 2-də dünyaya gəlir və ona şəhid atanın adı - Taleh adı qoyulur. 

Şəhidin yoldaşı Ayşən xanım yoldaşı haqqında belə xatırlayır: "Yoldaşım oktyabr ayının 5-də xəbərsiz döyüşə yollanmışdı. Birdə zəng edib dedi ki, mən müharibədəyəm. Hər gün mənimlə əlaqə saxlayırdı. Mənə "Narahat olmayın, hər şey yaxşıdır, hər şey yolundadır. Biz Vətən uğrunda döyüşməyə gəlmişik. Son damla qanıma qədər torpaqlarımızın azad olunması uğrunda vuruşacağam. Füzuli, Hadrut, Qubadlı, Ağdam rayonlarının alınmasında iştirak edib. Şuşaya qədər girib və noyabr ayının 5-də Şuşada şəhidlik zirvəsinə ucalıb.Yoldaşım həqiqi hərbi xidmətini Beyləqanda yerləşən "N" saylı hərbi hissədə edib. Orada baş çavuş rütbəsində baş atıcı vəzifəsini icra edib. Nümunəvi əsgər olub...". 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Quba rayonunun Yenigüləzi kəndində anadan olan Taleh Xanmurad oğlu Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                  Ambur.az

Oxşar xəbərlər