“Şəhid olsam, bu saatı qardaşımın qoluna taxarsan“- Şəhid Cavad Hüseynov

13 Fev 2021 23:27
633

Cavad Cavid oğlu Hüseynov 16 sentyabr 1998-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olublar. 2003-cü ildə valideynləri ilə birgə Sumqayıt şəhərinə köçüblər. 2005-ci ildə Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34  saylı tam orta məktəbin 1-ci sinfinə gedir. Cavad cüdo ilə məşğul olmağına baxmayaraq, həm də rəsmə böyük marağı olur. 9-cu sinifdə oxuyarkən asfalt üzərində tabaşir ilə "Ana fəryadı" çəkərək Sumqayıt şəhəri üzrə 1-ci yerə layiq görülür. 2016-cı ildə orta təhsilini başa vurduqdan sonra Lənkaran Dövlət Üniverstetinin “Biznesin idarəedilməsi” fakültəsinə qəbul olur. Cavad 2 il yarım müddətində oxuyur və maddi problemlərlə üzləşdiyinə görə universitetini dondurmaq məcburiyyətində qalır.

2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonununda yerləşən "N" saylı hərbi hissəyə yola salınır. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Cavad daha sonra oradan da Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə, xidmətini davam etdirməyə göndərilir. 

Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsi başladığı tarixdən, 27 sentyabr 2020-ci tarixindən Cavad da döyüşlərə qatılır və göstərdiyi böyük şücaət və qəhrəmanlıqlarla adını tarixə qızıl hərflərlə yazır. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Cavad oktyabr ayının 17-də Suqovuşan ərazisində gedən şiddətli döyüşlərdə şəhidlik məqamına ucalır. Nəşi neytral zonada olduğundan çıxarmaq mümkün olmayır. Nəhayət 1 ay sonda, 18 noyabrda nəşi çıxarılaraq Sumqayıt şəhərinə gətirilir və Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır. 

Cavadın döyüş yoldaşları onun evinə gələrkən ailəsi üçün Cavadla olan xatirələrini belə nəql edirdilər: "Cavad çox mərd və cəsur biri idi. Heçnədən qorxmaz və çəkinməzdi. Həm də çox qayğıkeş biri idi. Bir gün onunla eyni naryada çıxdıq. Sizə yazdığı məktubu cibindən çıxarıb mənə verdi və dedi ki, "mən şəhid olsam, bu yazdığım məktubu ailəmə çatdırarsınız". Mən məktubu götürmədim, ona qaytarıb "bu nə sözdür, belə danışma, sən sağ-salamat ailənin yanına qayıdacaqsan" -dedim. Qolundakı saatı çıxarıb mənim qoluma taxdı və "şəhid olsam bu saatı qardaşımın qoluna taxarsan" -dedi. Birinci döyüşə girib çıxandan sonra heyifslənərək "mən sağ qaldım" -dedi. İkinci döyüşə girəndə isə şəhid oldu".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çayrud kəndində anadan olan, Cavad Cavid oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 

Oxşar xəbərlər