Şeyx həzrətlərinə qəzəl həsr olundu

23 Avq 2021 06:22
512

Pak vücudun nə qədər olsa səlamət, ey şeyx 
Əl  açıb, bil ki, dilənməz həq ədalət, ey şeyx 


Düşmənə sinə gərəndə, sənə indi ağ olan,
Arayırdı, necə gizlənməyə fürsət, ey şeyx.


Ən uca dağları qartal kimi fəth eyləmisən,
Olmaz hər sərçəyə bu mərtəbə qismət, ey şeyx

 
Gətirib cuşə Hüseyn adı, damarında qanı,
Sənə verdi güc Əbəlfəzdəki, qeyrət, ey şeyx 


Bir ata tək başına yığdın atasız xalqın,
Var idi kimdə bu qüdrət, bu məharət, ey şeyx?


Düşmənin, xalqımızın qanına batmış əlini,
Tutuban vurdun üzündən necə zərbət, ey şeyx.


Dostu da, düşməni də söylədiyin hər bir söz,
Eyləyir vəhdətə, insanlığa də'vət ,ey şeyx.


Bir daha qardaşı qardaş ilə qardaş elədin, 
Ortada qoymamısan zərrə ədavət, ey şeyx.


Ağzına özgə əliylə keçirən loxmaları,
Haqqı yoxdur ki, tuta adını əlbət, ey şeyx

  
Kişi, düşmən də ola kimsəyə böhtan atmaz, 
Çəkəcək hər iki dunyada xəcalət, ey şeyx 


Fəxrimizsən, sənin adınla o kəs fəxr eylər, 
Yoxdu qəlbində onun kinü küdurət, ey şeyx. 


Kimsəyə əyməmisən baş, Xudadan başqa 
Eyləyib həq başucalıq sənə qismət, ey şeyx.


Bilərək, bilmiyərək, xidmətin inkar edə kim, 
Qoy onunla tuta Allahım ədavət, ey şeyx.


Xilqətin yazdığı şe'rindəki  hər bir beyti,
Güzgüdür, san ki, tutub əldə həqiqət, ey şeyx.

          Xilqət TALIBOV

Oxşar xəbərlər