SORU KƏNDİ

07 Yan 2021 17:40
114

Bu kəndin kədəri özündən böyük,
Yaşamaq həvəsi günəş nurudu.
Ümid nəğməsini külək dilində,
Talış dağlarında deyən Sorudu.


Bu kənd kədərini yığıb qoynuna,
Qəlbi daş olanla bölmək istəmir!
Vətən sevgisiylə,dağ qürürüyla,
Yaşamaq istəyir, ölmək istəmir!


Bu kəndin vüqarlı mərd kişiləri,
Qoşulub zamana köçüb getdilər..
Məsum fidanları qanad açınca,
Qayğı qanadında uçub getdilər..


Ümidlə günəşə boylanan arzu,
Gecələr dağlara çökən qırovdu.
Vətən sevgisiylə vuran ürəklər,
Vətən sevgisinə burda girovdu.


Boylanıb tarixin daş yaddaşına,
Qürürün qoruyub bu kənd ağlamır,
Yalançı vədlərlə könül ovudan,
Kimsəyə bir daha ümid bağlamır.


Uçuq komaların, köçən ellərin,
Bu kənd kədərini daşıyacaqdır.
Köçən babaların ruhu önündə..
Ölməyə haqqı yox, yaşayacaqdır!

                             Mahir DİNİYEV

Oxşar xəbərlər