Sovet Dönəmində Talışda Fəaliyyət Göstərmiş Yeganə Məscid

29 Avq 2020 04:43
453

   Astara rayonunun dini-memarlıq abidələrindən biri Astara şəhərindəki Qum məscididir. Məscid şəhərin Qum küçəsi 157 ünvanında yerləşir. Yerləşdiyi məhəllənin (vaxtilə kənd olub) adı ilə Qum məscidi adlanır. Mənbələrdə məscidin 1898 və ya 1903-cü illərdə tikildiyi yazılır. 
    Məscidin əsas giriş qapısının üstündə daş kitabə həkk olunub. Orada məscidin inşa tarixi qeyd edilib. Belə ki, burada məscidin hicri-qəməri ilə 1325-ci il cəmadi əl-axər ayında tikildiyi göstərilib (Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. B., 2001, səh. 28). 
1325-ci ili miladi təqviminə çevirdikdə 1907-ci il alınır. Buna görə də məscidin 1907-ci ildə tikildiyini qeyd etmək olar. Məscid məhəllə sakinlərinin vəsaiti hesabına tikilmişdir. Eyni zamanda onun tikintisinə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də maddi yardım göstərdiyi qeyd olunur.
Qırmızı kərpicdən inşa edilən məscidin uzunluğu 25 metr, eni 7 metr, döşəmədən tavana qədər hündürlüyü isə 5,5 metrdir. Məscidin fasadında iki qapı, üç pəncərə vardır. Sağ fasadda iki pəncərə, qadınlar şöbəsində isə bir pəncərə yerləşdirilmişdir. Qapılar tağlı, fasadın sol tərəfindəki pəncərə düzbucaqlı, digər pəncərələr isə şəbəkəli olub romb şəkillidir. Qapıların qarşısında pilləkən hörülmüşdür. İnteryerdə tavana dayaq məqsədilə dörd sütun yerləşdirilmişdir. İnteryerə suvaq çəkilmiş, üzərinə emusiya sürtülmüşdür. Məscid kişi və qadın şöbələrinə bölünür. Kişi şöbəsinin ölçüsü 13 x 7 metrdir. Qadın şöbəsi üç yerə bölünməklə hər birinin ölçüsü 4 x 7 metrdir. 
Məscidin mehrabı, minbəri və günbəzi vardır. Mehrabın hündürlüyü 4,5 metr olub, divarın içində yerləşir. Minbəri beş pilləlidir. Günbəz güldəstə şəkilli olub, səkkizguşəlidir.
    Məscidin döşəməsi torpaqdan, qapı-pəncərələri, dayaq sütunları, tavanı, dam örtüyünün konstruksiyası ağac materialından, dam örtüyü isə kirəmitdəndir. Fasada ağ rəngdə bətkeş vurulmuşdur.
    Qum məscidinin  Talışdakı digər məscidlərdən başlıca fərqi ondadır ki, onun qapıları möminlərin üzünə heç vaxt bağlanmamış, Ateizmin (Allahsızlığın) hökm sürdüyü Sovet dönəmində də fəaliyyət göstərmişdir. Ümumiyyətlə Qum məscidi Sovet dövründə Azərbaycanda fəaliyyət göstərmiş 17 məsciddən biri olmuşdur. 1992-ci ildə məsciddə təmir-bərpa işləri aparılmışdır.
    Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Qum məscidində oturur.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən "Qum" məscidi 4114 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.

   İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

Oxşar xəbərlər