Şuşa məscidində ilk azan oxuyan əsgərin anası: “Gedəndə bizə dedi ki, şəhid olmasam, Şuşada ilk azanı özüm verəcəm”- MUSAHİBƏ

19 Noy 2020 13:50
129

Ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır, bizi yenilməz edən! Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, tükənməz Vətən sevgisidir!...

Ambur.az Modern.az-a istinadən bildirir ki, Lerik şəhərində anadan olmuş Qurbanəli Eldar oğlu Əliyev Vətən sevgisini bütün qəlbi ilə yaşayan əsgərlərimizdən biridir. O, Şuşa azad olunduqdan sonra orada ilk namazı qılıb, azan verən şəxs kimi yaddaşlarda qalacaq.

Döyüşçünün anası Cəvahir Qurbanova oğlu haqqında Modern.az-a danışıb.

- Cəvahir xanım, oğlunuz ilə sonuncu dəfə nə zaman əlaqə saxlamısınız, indi haradadır?
- Sonuncu dəfə dünən zəng vurmuşdu, danışdıq. Əsgər yoldaşları ilə birlikdə məsciddə idi. Qurbanəli indi Şuşadadır. Orada məscidi təmizləyirlər, dünən işıq çəkilib, iştirak ediblər. Hər gün namaz qılıb, dualar edirlər.

- Qurbanəli cəbhəyə könüllü gedib?
- Qurbanəli Təbriz Universitetinin İlahiyyat fakültəsində oxuyur.  Pandemiyaya görə dərslərə gedə bilmirdi. Sonra səfərbərlik elan olundu, könüllü olaraq qeydiyyatdan keçdi və çağırış gəldi. Çox böyük həvəslə cəbhə bölgəsinə getdi. Gedəndə bizə dedi ki, “mən şəhid olsam, ağlamayın. Şəhid olmasam, Şuşada ilk azanı özüm verəcəm”. Şükürlər olsun ki, Allah arzusuna çatmağı ona qismət elədi, sözünün üstündə durdu.

- 28 ildən sonra Şuşada ilk dəfə cümə namazını Qurbanəli qıldı, azanı o səsləndirdi. Bu xəbəri eşitdikdə anası olaraq necə hisslər keçirdiniz?
- Qurbanəli döyüşə gedəndə üzərində bayraq var idi. O, mənə demişdi ki, "ana sənin verdiyin bayrağı azad olunmuş torpaqlarda - Şuşada, Kəlbəcərdə ucaldacağam. Azad olunmuş torpaqların hər birində namaz qılıb, azan oxuyacağam". Şuşada ilk namazı qıldırmaq oğluma qismət oldu. Bu qürur hissini sözlə ifadə etmək mümkün deyil...

- Bütün xalq onun kimi oğullarımızla fəxr edir, siz daha nələr deyə bilərsiniz?
- Mən əvvəla şəhid anaları qarşısında baş əyirəm. Bütün şəhidlər, qəhrəmanlar hamısı bizim övladımızdır. Əgər torpağa qan tökülməsə, vətən olmaz. Biz qələbəmizi, sevincimizi Qurbanəli kimi oğullara, canını fəda edən şəhidlərə borcluyuq. Onların heç birinin haqqı ödənməz. Azərbaycanımızın torpaqlarında azan səsi hər zaman eşidilsin. Qurbanəli təkcə bizim yox, bütün Azərbaycanın fəxridir.

- Qurbanəli bura qayıtdıqdan sonra nələr etməyi düşünür, necə xəyalları var?
- Ürəyində o qədər arzuları var ki... İnşallah, qayıtdıqdan sonra hər birini gerçəkləşdirər.

Oxşar xəbərlər