Talış bölgəsində “Qara Axund“ kimi tanınan Şeyx Yusif kimdir? - Araşdırmaçı jurnalist Samid Quliyev yazır

17 İyn 2021 19:07
323

“Mənim ümmətimin alimləri, Bəni-İsrail Peyğəmbərləri kimidir.”
                      Həzrəti Peyğəmbər.  (“Biharül-ənvar” )  

Sovetlər dönəmində elmi-ateizm adı altında xalqın etiqad etdiyi əqidələr yasaq olunur, bu yolu təbliğ edənlər isə möhvümatçı adlandırılırdı. Həmin dövrdə islam alimləri təqib olunur, xalq düşməni adı ilə həbs edilirdi. Alimlərin zəhmətə qatlaşıb ərsəyə gətirdikləri elmi-dini əsərlər müsadirə olunaraq yandırılır, məhv edilirdi. Hakimiyyət bu cür insanları repressiyaya məruz qoysa da, onları xalqın qəlbindən, yaddaşından silə bilməmişdir.

Təəssüf hissi ilə qeyd etmək olar ki, Azərbaycanda yaşamış İslam alimlərinin həyatı ətraflı tədqiq olunmamış, onların qoyduqları qiymətli irs öyrənilməmişdir. İslam təfəkkürünün yayılmasında böyük xidmətlər göstərmiş, görkəmli din xadimlərinin geniş tədqiqata ehtiyacı vardır. Onları tanıtmaq, haqqında yazılmış əsərləri tərcümə və tədqiq etmək hər birimizin borcudur.

Talış zonasından olan ağsaqqalların, yaşlı nəslin xatirələrində Şeyx Bəşir, Şeyx Qüdrət, Mirzə Məhəmmədhüseyn Axund, Mirkərim Axund kimi din xadimləri bu gün də yaşamaqdadır. Adlarını çəkdiyimiz bu və digər şəxsiyyətlər nəcib və insani keyfiyyətlərə malik olmaqla yanaşı həm də, böyük təqva sahibləri olmuşlar. Dövrünün nüfuzlu din xadimlərindən biri də, xalq arasında “Qara Axund” kimi tanınan Şeyx Yusif Əmir oğlu Əmirovdur.

Şeyx Yusifin babası Lənkəran qəzasının Lerik mahalının Vıstən kəndindən Qamətük (indiki Gərmətük) icmasının Viyən kəndinə köçmüşdür. Şeyxin babası Məmmədxan Qarabağlı qızla ailə həyatı qurmuş, bu evlilikdən Əmir, Babaxan, Orduxan və Məmmədxan adlı 4 oğlan övladı dünyaya gəlmişdir. Xasiyyətdə atasına daha çox oxşayan Əmir dindar və zəhmətkeş idi. Halal qazancı ilə dolanır İmam Hüseyn əleyhissəlamın ziyarətinə getmək arzusu ilə yaşayırdı. Çox keçmədi ki, Əmir müqəddəs Kərbəla ziyarətində oldu. Qəlbindən övladlarının birinin dini təhsil almasını keçirtdi. Uca Tanrı saleh bəndəsinin duasını qəbul etdi. Oğlu Yusif atasının arzusunu reallaşdırdı.

Şeyx Yusif 1869-cü il (Məzar daşında 1860-cı il göstərilmişdir.) Lənkəran qəzası Qamətuk (indiki Gərmətük qəsəbəsi) ərazisinin Viyən kəndində Kərbəlayi Əmirin ailəsində dünyaya göz açmışdır. Əmirin Yusifdən başqa Musa, İsa və Xəlil adlı oğlanları olmuşdur.

İlk mədrəsə təhsilini doğma Lənkəranda alan Yusif ərəb və fars dillərində mükəmməl yazıb oxumağı bacarırdı. Gənc yaşlarında Ərdəbil şəhərinə təhsil almağa getmiş və müvəffəqiyyətlə mədrəsəni bitirmişdir. 1897-ci ildə İranın Tehran Universitetinin ilahiyyat fakültəsinə daxil olmuş, təhsil illərində “danışmənd” (alim) təxəllüsünü qazanmışdır. Universiteti bitirdikdən sonra Nəcəfül-əşrəfdə dini-elmi hövzədə təhsilini davam etdirərək “Ayətullah” elmi dərəcəsini almışdır. Şeyx öldüyü günədək Ayətullah-ictihad dərəcəsində olmasını gizli saxlamışdır.

Şeyx Yusif dini elmlərlə yanaşı fiqh, nücum, coğrafiya, təbabət, cəbr və şərq ədəbiyyatını mükəmməl mənimsəmiş, xəttatlığı gözəl bacarmış və dəsti xəttiylə çoxlu elmi əsərlər ərsəyə gətirmişdir. Sovet dövrünün qadağaları, təqibləri nəticəsində əsərlərinin heç biri bizə gəlib çatmamışdır.

Tehranda təhsil alarkən iranlı Hacı Mirzə Mövsüm Nəvvabın qızı Sahibi Sultan Sara xanımla ailə qurmuş, bu evlilikdən iki oğlu-Əhməd və Mahmud dünyaya gəlmişdir. Mahmud körpə ikən Sara xanım dünyasını dəyişmiş, Viyən kənd qəbristanlığında dəfn edilmişdir.

Şeyx Yusif övladlarına arxa olmaq üçün qonşu Aşağı Nüvədi kəndində dul qadın, iranlı Məsumə xanımla evlənmişdir. İkinci evlilikdən Murtuza adlı oğlan dünyaya gəlmişdir.

Hazırda Şeyxin nəvə-nəticələri Viyən, Aşağı Nüvədi kəndlərində, Lənkəran və Bakı şəhərlərində yaşayırlar. Şeyxin bir nəvəsi onun adını daşıyır. Soy kökündən olanlar Şeyxin adına layiq Allaha ibadət edir, təqvalı olmaları ilə seçilirlər.

Şeyxin böyük oğlu Əhməd (1906-1984) ali hüquq təhsili almış, Gəncə, Salyan, Göyçay şəhərlərində hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Əhməd 1933-37-ci illərdə Şamaxı rayon prokuroru olmuş, 1937-ci ilin repressiyası ondan da yan keçməmiş, məhkəminin hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilmişdir. Sonradan ölüm hökmü 20 il həbs cəzası ilə əvəz olunmuşdur. O, 1956-cı ilin mart ayına kimi sürgündə olmuş, azadlığa çıxmasına bir il qalmış bəraət almışdır. Sonralar Şamaxıda istehlak cəmiyyətinin sədri (1956-1972), Bakıda tərəvəz soyuducu kombinatının direktoru (1972-1980) və Azərittifaqda əmtəəşünas (1980-1984) vəzifələrində işləmişdir.

Şeyx Yusif uzun illər Astara rayonunun Ərçivan kənd və Lənkəranın Aşağı Nüvədi qəsəbə məscidlərində axundluq etmişdir. Tarixçi İsfəndiyar Cəfərov yazır: “Lənkəran şəhərində Molla Yaqubun evində tez-tez elmi məclislər keçirilirdi. Burada dini və dünyəvi elmlərin müxtəlif sahələrinə aid mübahisələr olurdu. Axund Şeyx Yusif məclisin fəal üzvlərindən biri idi.”

Şeyx Yusifin xalq arasında “Qara Axund” kimi tanınması əslində rənginin qara olması ilə bağlı deyildir. Şeyxin yadigar qalan şəkilləri və onu görənlər çöhrəsinin qara olmaması haqqında məlumat verirlər. Fikrimizcə Axund sözünün əvvəlində işlənən “Qara” “əzəmət”, “daha savadlı” və “uca məqamlı” anlamını daşıyır.

Şeyx Yusif savadı və dünyagörüşü ilə yanaşı dövrünün nüfuzlu ariflərindən olmuşdur. Kəraməti barədə bir sıra rəvayətlər mövcuddur. Bu rəvayətlər Şeyxin nəcib və əxlaqi keyfiyyətlərə malik olmasından xəbər verir. Rəvayətlərdən birində deyilir ki, Şeyx Yusif qabaqcadan Almaniya ilə Sovet İttifaqının  müharibə edəcəyini, SSRİ-nin qələbə çalacağını xəbər vermiş, bu müharibəni təlatümlü dənizə bənzətmişdir. Bu xəbəri eşidən dövlət nümayəndələri Şeyxdən iltizam almış, belə olmadığı təqdirdə güllələnəcəyini bildirmişdilər. Deyilənlər düz çıxdığından NKVD rəisi Şeyx Yusifə açıq şəkildə mollalıq etməsinə icazə vermişdir.

Əhməd həbs olunarkən oğlu Murtuza ona belə bir sual vermişdir: “Ata, Əhməd həbs edilərək, ölümə məhkum olunub. Bununla bağlı nə deyə bilərsən?” Şeyx: “Oğlum Əhməd sağdır, ancaq bilirəm ki, mən onu görməyəcəm”, deyib cavablamışdır. Axundun ölümündən sonra Əhməd belə demişdir. “Ölüm kamerasında doqquz nəfər idik, səkkizi getdi mən qaldım. Səhər saat 10-da məni də çıxartdılar. Həmin gecə yuxuda atamı görmüşdüm. Mənə dedi ki, “narahat olma, bəraət alıb azadlığa çıxacaqsan.”

Digər rəvayət isə Şeyxin cəsədinin müəmmalı şəkildə qəbirdən çıxardılaraq aparılması ilə bağlıdır. Şeyx Yusifin dəfnindən üç gün sonra anbar gözətçisi (Həmin dövrlərdə Aşağı Nüvədi qəsəbə məscidi anbar kimi fəaliyyət göstərirdi.) dörd nəfər naməlum şəxsin Şeyxin qəbrini qazdığını, mübarək cəsədini xalçaya bənzər bükülüyə qoyaraq özləri ilə cənuba doğru apardığını görmüşdür. Bu barədə gözətçiyə heç yerdə və heç kimə danışmamaq tapşırılıb. Gözətçi isə üç gün dözmüş, lakin gördüklərini Şeyxin 7 mərasimində danışmışdır. Səhəri gün kəndə gözətçinin ölüm xəbəri yayılmışdır. Yaşlı nəslin dediyinə görə qəbri təmir edərkən, onun boş olduğunu görüblər.

Şeyx Yusif 1948-ci ilin noyabr ayının 19-da vəfat etmişdir. Vəsiyyətinə uyğun olaraq dəfn mərasiminə Mirzə Məhəmmədhüseyn Axund rəhbərlik etmişdir. Mərasimin ikinci günü Axund Molla İman məclisdə Şeyx Yusifin ictihad dərəcəsini təsdiq edən sənədi oxumuş və məclis əhlini heyrətləndirmişdir. Şeyx Yusif bu gün də unudulmur, xalq arasında daim əziz xatirəsi eldə-obada hörmətlə yad olunur.

İlahiyyatçı-alim, AJB-nin üzvü,
AMEA-nın doktorantı: Samir Quliyev
[email protected]

Birlik.az

Oxşar xəbərlər