Talış dili slavyan, baltik, german dilləri ilə uzaq qohumdur - Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli

04 Sen 2021 13:56
606

                        TALIŞLAR        I HİSSƏ

Talışlar özlərini “tolış” adlandırırlar. Azərbaycan dilində onlara “talış” deyirlər. Rus dilindəki ədəbiyyatda onların adı gah “талыши”, gah da “талышинцы” yazılır; ikinci ad səhvdir. Antropologiya baxımından talışlar böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Talışlar irandilli xalqdır. Ana dilləri talış dilidir. Talış dili Hind-Avropa dilləri ailəsinin İran qrupunun şimal-qərb yarımqrupuna daxildir. Bu dil fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə daha yaxındır. Talış dili slavyan (rus, belorus, Ukrayna, çex, polyak və s.), baltik (Litva, latış), german (alman, ingilis, İsveç və s.) dilləri ilə uzaq qohumdur. Talışlar Azərbaycan Respublikasının cənub-şərqində talış zonasında (Astara, Yardımlı, Lerik, Lənkəran və Masallı rayonlarında), habelə Biləsuvar və Cəlilabad rayonlarında, Abşeron yarımadasında (Bakı, Sumqayıt şəhərlərində), İranda (Gilanda və onunla qonşu İran Azərbaycanında) yaşayırlar. Talışların (istər Azərbaycanda, istərsə İranda yaşayan) sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Sovet İttifaqında əhalinin 1926-cı il siyahıya alınmasına görə, Azərbaycanda (şimali) 77 323 nəfər talış yaşamışdır. (Кафказский этнографический сборник, IV, Москва, 1969, səh. 13) Azərbaycan əhalisindən 80 624 nəfər talış dilini öz ana dili hesab etmişdir. 1931-ci il aprel ayının 5-dək olan məlumata görə, Azərbaycanda 89 398 nəfər talış yaşamışdır. Əksəriyyəti talış olan Lənkəran şəhərinin əhalisi (5 aprel 1931-ci il məlumatına görə, Lənkəranda 11 688 nəfər yaşamışdır) buraya daxil deyildir. Göründüyü kimi, rəsmi məlumata görə, hələ 1931-ci ilin əvvəli üçün indiki Azərbaycan Respublikasının ərazisində 100 mindən çox talış yaşamışdır. 

1931-ci il məlumatından sonra əhalini siyahıyaalmada talışların sayı haqqında statistik məlumat yoxdur. Lakin bəzi mənbələrdə SSRİ-də 89 min (М.И.Исаев. Сто тридцать равноправых. Москва. 1970, səh. 61), İranda 84 min (Язык народов СССР, I, Москва, 1966, səh. 302) talışın yaşadığı göstərilir. 1978-ci ilin təxmini məlumatına görə, İranda 90 min talışın yaşadığı göstərilir (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441). Lakin dağlıq və dağətəyi yerlərdə yaşayan və əhalisini talışların tərkib hissəsi olan (onlar əsasən maldarlıqla məşğul olur) qolışlar həmin məlumatda talış xalqının tərkibinə daxil edilmir. Elə həmin mənbədə İranda 30 min qolış yaşadığı göstərilir (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441). Qəribə burasıdır ki, 1956-cı il məlumatına görə, İranda 80 minə yaxın talışın yaşadığı qeyd edilir (Современный Иран, Москва, 1975, səh. 38). 1950-ci ildən 1978-ci ilədək İranın əhalisi iki dəfədən çox (112 faiz) artdığı (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441) halda talışların sayının həmin dövr ərzində cəmi 25 faiz (10 min) artması ağlabatan deyildir. SSRİ-də 1989-cu ildə aparılan əhalinin siyahıyaalmada Sovet İttifaqında 21 914 nəfər, o cümlədən Azərbaycan Respublikasında 21 200 nəfər talış yaşadığı göstərilir. Əlbəttə, Azərbaycan Respublikasında yaşayan talışların sayı haqqındakı rəsmi statistik məlumat aşkar şəkildə saxtalaşdırılmışdır. 1989-cu il əhalini siyahıyaalmaya görə, Astara rayonunda 69 min, Yardımlı rayonunda 40 min, Lerik rayonunda 54 min, Lənkəran rayonunda 164 min, Masallı rayonunda 144 min, Biləsuvar rayonunda 61 min, Cəlilabad rayonunda 133 min əhali yaşayır. Rəsmi məlumata görə, Astara rayonunda əhalinin 86,4 faizi, Lənkəran rayonunda 86,3 faizi, Lerik rayonunda 82,4 faizi, Masallı rayonunda 55 faizi talışdır. Elə təkcə bu dörd rayonda (Astara, Lerik, Lənkəran, Masallı) ən azı 327,5 min talış yaşayır. Biləsuvar, Yardımlı və Cəlilabad rayonlarında da kompakt halda xeyli talış yaşayır. Beləliklə, Azərbaycan respublikasında 700 min talış yaşadığını söyləməyə əsas vardır. Bəzi mənbələrə görə, İranda da, 1 200 min talış vardır. Ümumiyyətlə, dünyada 2 milyon talış yaşayır. Mən Gilan (gilək) dilini (məlumata görə, 1978-ci ildə İranda 2 milyon gilək yaşayırdı (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441) müstəqil dil saymasam və onu talış dilinin bir dialekti hesab etsəm də, gilan dilində danışanların sayını buraya daxil etmirəm. Talışların yaşadığı ərazinin şimal sərhədini Viləş çayı təşkil edir, lakin xüsusən Sovet hakimiyyəti illərində azərbaycanlılar bu çaydan cənuba da məskunlaşmışlar. Öz növbəsində çayın şimal tərəfində də talış kəndləri salınmışdır; xüsusən, 1949-50-ci illərdə talışlar kütləvi surətdə İranla sərhəd zonasından köçürülməsi nəticəsində Biləsuvar və Cəlilabad rayonlarında xeyli talış kəndi salınmışdır. Şərqdən Xəzər dənizi talış ərazisinin təbii sərhədini təşkil edir. Talışların yayılmasının qərb sərhədi Talış dağlarından keçir, lakin qeyd etmək lazımdır ki, Talış dağlarının İranla sərhəd olan ən uca silsiləsində talışlar yaşamır; bu ərazidə azərbaycanlılar yaşayır. Cənubda talışların məskənləri Astara çayını aşır; dövlət sərhədinin o biri tərəfində də talışlar kompakt şəkildə yaşayır. İranda da talışlar, əsasən, Xəzər dənizi sahili boyu ovalıqda yaşayırlar; ovalıqda talış əhalisi Körpü – çalaya qədər uzanır və elmi ədəbiyyatda müstəqil dil hesab edilən gilan dilinə qovuşur. İran ərazisində də Xəzər dənizi boyu dağların yamaclarında talışlar yaşayır.

İranın keçmiş ərazi-inzibati bölgüsünə görə, talışlar Xəmsəyi-Təvaliş (beş talış) adlanan beş rayonda əhalinin böyük əksəriyyətini təşkil edir: Kərgəkrüd, Əsalem, Talış-Dolab, Şandərmin və Masal. Bütün bu rayonlar böyük Gilan əyalətinə daxildir. Astara rayonunda (İran Astarası) da talışlar yaşayır, amma bu rayon Ərdəbil əyalətinin (ostanının) tərkibindədir. Talış dilinin cənub sərhədi Xəzər sahili boyu, az qala, Ənzəli şəhərinə qədər çatır (Körpü-çala Ənzəlidən bir mənzil məsafədədir), talışların dağətəyi sərhədi isə cənuba o qədər də uzanmır, Xəzərboyu ovalığını qərbdən əhatə edən dağlarda talışlar nisbətən azdır. Burada əsas kəndlər Tülərü və Pek kəndləridir. Talışlar Xalxal dairəsində də yaşayırlar, onlar xalxallılar adlanır. İranda – Lerik rayonundan Ərdəbilə doğru yaylaqda da talışların yaşadığı Ambaran, Küləş, Cəyad, Dəlidaş, Kültəpə, Doxültəpə, Piləçay, Sarıxanlı kəndləri yerləşir. Talışlarla azərbaycanlıların qarışıq yaşadığı Sarıxanlı kəndini çıxsaq, bu kəndlərin hamısında təkcə talışlar yaşayır. Piləçay rayon mərkəzidir və bu kənddə bir neçə min ev vardır.       

Azərbaycan Respublikasında, o cümlədən Talış zonasında yaşayan talışların böyük əksəriyyəti islam dininin şiə təriqətinə tapınır. Lənkəran rayonunun cənubunda, Astara rayonunun şimalında, bəzi kəndlərin əhalisi sünni təriqətinə tapınır. Bu kəndlər içərisində ən mühümü Astara rayonunun Təngərüd kəndinin talış şivəsi ümumtalış dilindən (əlbəttə, talış dilinin yazısı və ədəbiyyatı olmadığı üçün bu dilin ədəbi formasından – talış ədəbi dilindən danışmaq olmaz; buna görə də ümumtalış dili dedikdə mən Lənkəran şivəsini nəzərdə tuturam) müəyyən qədər fərqlənir; bu fərq özünü təkcə leksika sahəsində yox, həm də qrammatika sahəsində göstərir. İranda yaşayan talışların da böyük əksəriyyəti şiədir. Sünni əhali, əsasən, Ərdəbil rayonunun Ambaran, Əmincan, Cəyid, Mizran, Minavar və Küləş kəndlərində yaşayır. Piləçayda şiələrlə sünnilər qarışıq yaşayır. Həmin şəhəri regionunda kənd əhalisi sünni, Nəmin şəhərinin əhalisi isə şiədir. 

Azərbaycan respublikasında yaşayan talışların dili, tarixi, adət-ənənəsi, məişəti zəif araşdırılmışdır, İranda yaşayan talışlar haqqında isə heç bir tədqiqat işi aparılmamışdır. Buna görə də hətta əminliklə demək olmaz ki, İranda talışlar harada yaşayır, harada hansı məzhəbə qulluq edirlər. İranda statistik siyahıyaalınma, xüsusən azsaylı xalqlar arasında, heç aparılmadığı üçün oradakı talışların sayı haqqında da müəyyən bir söz demək olmaz.

Ardı var...

Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli “Talış dilinin fonetikası” Bakı, “Nurlan” 2009 səh.17-39  
 

Oxşar xəbərlər