Talış dilinin gözəl tədqiqatçısı, professor Əbülfəz Rəcəbli - 85

07 May 2021 12:47
573

İlk baxışdan çox sərt xarakterli bir insan təəssüratı bağışlayan Əbülfəz Rəcəblini yaxından tanıdıqca onun necə tələbkar, amma tələbkar olduğu qədər də mülayim bir insan olduğunu anlayırsan. Bu tələbkarlıq isə ilk növbədə Əbülfəz müəllimin özünə qarşı hiss olunur. Son illər onun  yazdığı onlarla monoqrafiyaya baxdıqda onun özünə qarşı necə tələbkar olduğunun bir daha şahidi olursan. Dilçiliyin ən müxtəlif və ən çətin sahələrinə həsr olunmuş bu monoqrafiyaları nəzərdən keçirdikcə Əbülfəz müəllimdə elmə yeni gələn enerjili bir gənc ruhu olduğu hiss olunur. Məhz bu gənclik ruhu, enerjisi və özünə qarşı onun bu yaşda da bu dərəcədə tələbkarlığı onu təkcə Azərbaycan dilçiliyi üçün deyil, ümumiyyətlə, dünya dilçiliyi üçün əhəmiyyət kəsb edən əsərlər yazmağa sövq edir. Bəlkə də onun elmə bu qədər bağlılığı onun özünün də qeyd etdiyi kimi, elmə bir qədər gec gəlməyi ilə bağlı olmuşdur. Əbülfəz müəllim haqqında “vikipediya”da yazılan çox kiçik həcmli məqalədə oxuyuruq: “Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Marksizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir”. Göründüyü kimi, Əbülfəz müəllim üç ixtisas üzrə təhsil almış, bu müddətdə isə eyni zamanda namizədlik (1967) və doktorluq (1978) dissertasiyalarını müdafiə etmişdir. 

1967-ci ildən bu günə qədər ömrünün 55 ilə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasına həsr etmiş və bu zaman kəsiyində 50-dən artıq monoqrafiya, 200-dən artıq elmi məqalə yazmışdır. Bu isə ilə bir monoqrafiyadan artıq deməkdir və bəlkə də dünya elm tarixinə, Ginnesin rekordlar kitabına düşə biləcək fenomenal bir hadisədir. Həqiqətən də professor Əbülfəz Rəcəbli dünya dilçilik və elm tarixinə düşə biləcək bir alimdir. Təkcə ona görə yox ki, onun bu qədər sayda və həcmdə monoqrafiyaları və məqalələri var. Həm də ona görə ki, Əbülfəz müəllim müxtəlif dillərdə və müxtəlif dillərə aid əsərlərin müəllifidir. Məlumdur ki, ikidillilik əksər hallarda birtərəfli olur, yəni dillərdən biri dominant olur. Lakin Əbülfəz müəllimdə bu belə deyil. O, həm də bildiyi dillərdə monoqrafiya yaza biləcək qədər sərbəst danışa və yaza bilir. Bu isə dünyada çox nadir hallarda rast gəlinən hadisələrdəndir. Bu fərqli cəhətləri özündə cəmləyən nadir dilçilərdən olan professor Əbülfəz Rəcəbli bütün yaradıcılığını təhlil etmək əlbəttə bir kiçik məqalə həcminə sığmayacaq. Əminik ki, onun yaradıcılığı ayrıca tədqiqat mövzusu olacaq və bir fenomen kimi onun dilçilik fəaliyyəti öyrəniləcək. Necə ki, onun öz rəhbərliyi ilə Azərbaycan dilçilərinə artıq bir neçə elmi iş həsr olunmuş, özü isə “Azərbaycan dilçiliyi” adlı iri həcmli monoqrafiya hazırlamışdır. 

Professor Əbülfəz Rəcəbli hər şeydən əvvəl türkoloq alimdir. Çünki alimin həm namizədlik, həm də doktorluq dissertasiyası qədim türk yazılı abidələrinin tədqiqinə həsr olunmuşdur. Bu tədqiqatdan sonra da onun “Göytürk dilinin fonetikası”, “Göytürk dilinin leksikası”, “Göytürk dilinin morfologiyası” və “Göytürk dilinin sintaksisi” adlı fundamental monoqrafiyaları çap olunmuşdur. Monoqrafiyalar adından da göründüyü kimi, Göytürk dilinin qrammatikasına həsr olunsa da əslində, türk dillərinin qrammatikası sahəsində indiyə qədər yazılmış ən sanballı monoqrafiyalardandır. Bu monoqrafiyalarla yanaşı, Əbülfəz müəllimin “Orxon-Yenisey abidələri dilində feilyaratma”, “Orxon-Yenisey abidələrində feilin məna növləri”, “Orxon-Yenisey abidələri dilində feilin tərzləri” və digər əsərləri də onun türkologiya sahəsində yazdığı fundamental və əvəzolunmaz monoqrafiyalardandır. 

Bütün bunlarla yanaşı Əbülfəz Rəcəbli Azərbaycan dilçiliyi tarixində bəlkə də daha çox nəzəri dilçiliyin görkəmli nümayəndəsi kimi qalacaq, çünki ömrünün son 55 ilinə yaxın bir dövrünü Bakı Dövlət Universitetinin “Ümumi dilçilik” kafedrasında elmi və pedaqoji fəaliyyətdə keçirmişdir.    Professor Əbülfəz Rəcəblinin nəzəri dilçilik sahəsində yazdığı ilk əsər 1979-cü ildə Afad Qurbanovla birlikdə yazdığı “Dilçiliyə girişdən tapşırıqlar” adlı kiçik həcmli kitabdır ki, bu mövzuda 1997-ci ildə 300 səhifəyə yaxın “Dilçiliyə giriş” kursundan praktikum” adlı kitab hazırlamışdır. 1988-ci ildə Əbülfəz Rəcəblinin “Dilçilik tarixi” adlı kitabı nəşr olunub. Bu kitab nəinki Azərbaycanda, həmçinin öz dövrü üçün Sovetlər İttifaqında dilçilik tarixini əhatə etmə baxımından olduqca əhəmiyyətli bir kitab idi. Kitabda Azərbaycan dilciliyinin görkəmli nümayəndələri də daxil olmaqla dünya dilçiliyinin ən görkəmli nümayəndələri haqqında ətraflı məlumat verilir. Əsər 2006-cı ildə daha geniş və yenidən işlənmiş şəkildə iki cilddə çap edilmişdir. 

Professor Əbülfəz Rəcəbli dünya dilçiliyinin təməl prinsiplərini müəyyənləşdirən alimlərə ayrıca monoqrafiyalar həsr etmişdir. Onun “Ferdinand de Sössürün dilçilik görüşləri”, “Vilhelm fon Humboldt – ümumi dilçiliyin banisi kimi”, “Uilyam Duayt Uitni – linqvist kimi” adlı iri həcmli monoqrafiyaları bu qəbildəndir. Alim eyni zamanda, Vilhelm fon Humboltun “Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafında rolu” əsərini də dilimizə tərcümə etmişdir. Onun “Qədim ərəb dilçiliyi” əsəri də ərəb dilçiliyi və onun müxtəlif cərəyanları, ərəb dilçiliyinin azərbaycanlı nümayəndələri və o cümlədən, Mahmud Kaşğarinin dilçilik görüşlərinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bununla yanaşı Əbülfəz müəllim həm də müasir dilçilik cərəyanlarına da ayrıca monoqrafiyalar həsr etmişdir. Onun 2004-cü ildə nəşr etdiyi “Sosiolinqvistika” monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayıla biləcək əsərlərdəndir. Hətta rus dilində belə bu həcmdə və bu tipdə bir kitab tapmaq çətindir. Əsər müasir dilçilik üçün olduqca əhəmiyyətli olan bir sahəni əhatə edə bilir. 
Alimin müasir dilçiliyin əsas cərəyanlarından biri olan strukturalizmə həsr etdiyi “Struktur dilçilik” monoqrafiyası da özünəməxsusluğu ilə seçilir. Onun əsas struktur dilçilik cərəyanlarına həsr edilən əsərləri də strukturalizmi Azərbaycanda təbliğ və təşviq edən əsərlərdən hesab edilir. Bura “London struktur dilçilik məktəbi”, “Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri” və “Dilin struktur səviyyələri” adlı əsərlərini nümunə göstərmək olar.
Alimin dilçiliyin sırf nəzəri məsələlərinə həsr edilən əsərləri də özünəməxsusluğu ilə seçilir. Bu əsərlərdən danışarkən ilk olaraq 1993-cü ildə nəşr edilən “Dil, şüur, cəmiyyət, tarix” əsərini qeyd etmək lazım gəlir. Əsər özünəməxsusluğu ilə seçilir və müəllif dilin yaranmasına, dil və cəmiyyət, dil və şüur, dil və təfəkkür kimi məsələlərə, dilin yaranmasına öz münasibətini bildirir, bu ümumbəşəri və fəlsəfi problemlərə özünəməxsus şəkildə yanaşır və öz dövrü üçün kifayət qədər innovativ fikirlər irəli sürür. 

Bununla yanaşı professor Əbülfəz Rəcəblinin dilçiliyin müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyalar da maraq doğurur. Alimin 2010-ci ildə nəşr olunan “Tipoloji dilçilik”, 2011-ci ildə nəşr olunan “Universalilər dilçiliyi” və 2016-cı ildə nəşr olunan “İnterferensiya” adlı monoqrafiyaları müasir dilçiliyin əsas problemlərinə həsr olunmuşdur. “Tipoloji dilçilik” monoqrafiyasında alim dünya dillərinin tipoloji araşdırmalarının tarixi, dillərin qrammatik quruluşunun tipləri araşdırılır. “Universalilər dilçiliyi” əsəri isə bütün dünya dillərində və ya dillərin böyük əksəriyyətində eyni və oxşar olan universal dil hadisələri – fonoloji, leksik, semantik, morfoloji və sintaktik universalilər araşdırılır, dil dəyişmələrində universalilərin iştirakı nəzərdən keçirilir. Alimin “İnterferensiya” əsəri dillərin qarşılıqlı əlaqəsi zamanı qarşılıqlı əlaqədə olan dillərdə baş verən normadan kənaraçıxma hallarına həsr olunmuşdur. 

Bütün bu monoqrafiyalarla yanaşı Əbülfəz müəllimin dilçiliyin nəzəri problemlərinə həsr olunmuş iki iri həcmli monoqrafiyası da vardır ki, bu iki əsəri onun nəzəri dilçiliyə həsr etdiyi monoqrafiyalar içindən fərqləndirmək lazım gəlir. Çünki bu əsərlərdə, xüsusən də “Nəzəri dilçilik” adlı fundamental monoqrafiyada Əbülfəz müəllim müasir dilçiliyin nəzəri problemlərinə öz münasibətini bildirir. Bu monoqrafiyada dilin mahiyyəti və insan həyatında rolu, adların əşya ilə əlaqəsi, dilin və nitqin vəzifələri, dil işarələri, işarənin təbiəti, ixtiyariliyi və şərtiliyi, dil və nitq – şüur və təfəkkür arasındakı münasibətlər, cəmiyyətin yaranması və inkişafında dilin rolu, eyni zamanda digər nəzəri məsələlər öz geniş əksini tapır. Əsər günümüzə qədər dilçiliyimizdə yazılan və bu mövzuya həsr olunan ən sanballı monoqrafiyadır desək yəqin ki yanılmarıq. 

Professor Əbülfəz Rəcəblinin “Dilçilik metodları” əsəri də bu sahədə dilçiliyimizdə yazılan ən həcmli və sanballı əsərdir. Əsərdə dilin tədqiqinin təsvir, müqayisəli, tipoloji, coğrafi, struktur və sosioloji təhlil metodları, dillərin sinxron və diaxron təsviri üsulları təhlil edilir. 

Professor Əbülfəz Rəcəblinin elmi maraq dairəsi təkcə türk dilçiliyi və nəzəri dilçiliklə məhdudlaşmır. Onun dilçiliklə yanaşı, tarix, linqvokulturalogiya, talış dili və digər sahələrdə yazdığı əsərlər də diqqətdən kənarda qalmamalıdır. Alimin “Ulu türklər” adlı kitabı türk xalqlarının tarixinin araşdırılması, “Uyğurlar” adlı kitabı isə uyğur xalqının tarixini araşdırmaq baxımından əvəzolunmaz mənbə hesab edilir. “Frankodan sonra İspaniyanın xarici siyasəti” kitabında ispan hökümətinin 1975- 1985-ci illər arasında xarici siyasəti təhlil edilir. “S.Vurğunun “Komsomol poeması”nın ilkin variantı” kitabında və “M.F.Axundovun dramaturgiyası”, “M.F.Axundovun fəlsəfi görüşləri”, “Böyük gülüş ustası” və s. məqalələrində Azərbaycan ədəbiyyatı məsələləri, T.Drayzer və onun “Amerika faciəsi” romanı” kitabı və “Amerikanın mütərəqqi yazıçısı”, “Madam Bovari”nin müəllifi” adlı məqalələrində isə xarici ölkə ədəbiyyatı məsələləri, “Linqvistik ölkəşünaslığın əsasları” kitabı və “İngilis dilində önlüklərin omonimliyi”, “Müasir ingilis dili önlükləri haqqında bəzi qeydlər” məqalələrində isə ingilis dili, o cümlədən, ingilisdilli ölkəşünaslıq məsələləri təhlil edilir. Alimin talış dili haqqında “Məktəblinin talışca – azərbaycanca lüğəti”, “Talış dilinin orfoqrafiya lüğəti”, “Talışlar və talış dili”, “Talış dilinin fonetikası” və Ə.Əliyevlə birgə yazdığı IV siniflər üçün “Talış dili” dərslikləri vardır. 

Alimin talış dili ilə bağlı yazdığı əsərlər içərisində iki əsəri xüsusi olaraq qeyd etmək lazımdır. Birinci əsər “Talışlar və talış dili” (1994) kitabıdır. Alim əsərdə əvvəlcə talışlarla bağlı qısa oçerk verir. Altı səhifəlik bu oçerkdən sonra “Talış dilinin tədqiqi” bölməsində talış dili ilə bağlı rus və Avropa dilçiliyində aparılan tədqiqatlar təhlil edilir. Bu hissə talış dilinin tədqiqi baxımından olduqca əhəmiyyətlidir. Daha sonra müəllif talış dilinin fonetikası haqqında qısa oçerk verir. Onun fonem sistemini qısa şəkildə şərh edir. 

Monoqrafiyanın əsas hissəsi talış dilinin morfologiyasına həsr olunub. Müəllif isim bölməsində talış dilində özünəməxsus yer tutan köməkçi nitq hissəsi – önlükləri tədqiq edir. Daha sonra talış dilində özünəməxsusluğu ilə seçilən və dağılmaqda olan hal sistemi təhlil edilir və bir çox İran dillərində olduğu kimi, bu dildə də iki hal – vasitəsiz və vasitəli halın olduğunu qeyd edir. Daha sonra qoşma tədqiqata cəlb edilir. 
Sifət bəhsində sifət düzəldən şəkilçilər və sifətin məna növləri tədqiq edilir. 

Saydan danışarkən alim çox nadir bir halı xatırladır. Belə ki, o sıra saylarının talış dilində -ım (onun variantları –om, nım, -hım, -yım) şəkilçisi ilə düzəldiyini qeyd edir. Artıq müasir talış dili üçün arxaik hal olan bu şəkilçi demək olar ki, işlədilmir və yalnız müəyyən sözlərin tərkibində işlənməkdədir. Alim nümunə kimi dıvım “ikinci”, seyım “üçüncü”, çoom “dördüncü”, pencım “beşinci”, şəşım “altıncı”, haftım “yeddinci”, həştım “səkkizinci”, nəvım “doqquzuncu”, davım “onuncu”, yonzahım “on birinci”, donzahım “on ikinci”, senzahım “on üçüncü”, çordahım “on dördüncü”, ponzahım “on beşinci”, şonzahım “on altıncı”, havdahım “on yeddinci”, həjdəhım “on səkkizinci”, nonzahım “on doqquzuncu”, vistım “iyirminci”, siyyım “otuzuncu”, çılım “qırxıncı”, pencohım “əllinci”, şestohım “altımışıncı”,  haftohım “yetmişinci”, həştohım “səksəninci”, nevohım “doxsanıncı”, şahım “yüzüncü”, həzohım “mininci” sıra saylarını verir. Onun fikrincə, “birinci” sıra sayının bu üsulla əmələ gəlməsinə təsadüf edilmir; deyilənə görə, bu say iyn sözü ilə ifadə edilir. Bu sıra sayları müasir talış dilində işlənməsə də birinci mənasında əvvəlım sözü indi də işlənməkdədir. Eyni zamanda, dini mərasimlərə aid sem, haftım, çılım sözləri işlənir. Amma nəzərə almaq lazımdır ki, bu sözlər artıq isim kimi işlənir və vurğusuna görə fərqlənir. Məsələn, ha'ftım sözündə vurğu ilk hecaya düşür və sıra sayıdır, haftı'm sözündə isə vurğu son hecadadır və isimdir.

Əvəzliklərdən danışarkən alim şəxs, yiyəlik, işarə və qayıdış, sual və qeyri-müəyyən əvəzliklərindən danışır. Alim haqlı olaraq, az və mı şəxs əvəzliklərini sinonim kimi verir. Alim bu bəhsdə talış dilinin səciyyəvi xüsusiyyətlərindən olan enkliktlərə də xüsusi yer verir. Alimin fikrincə, bu əvəzlik qalıqları, yəni enkliktlər mənsubiyyət şəkilçilərindən başqa bir şey deyildir və onlar əsasən, erqativ cümlələrdə mübtədanın şəxsini və kəmiyyətini göstərmək üçün işlədilir, çox vaxt əsas (bütöv) şəxs əvəzliyini (şəxs əvəzliyinin müstəqil formasını) təkrarlayır yaxud əvəz edir: mı (əvım) vinde yaxud əvım vinde “Mən onu götdüm”.

Zərf bölməsində, alim, zaman, yer və tərzi-hərəkət zərflərindən bəhs edir.
Talış dili morfologiyasının ən maraqlı bəhsi, heç şübhəsiz, feildir. Alim talış dilində feil formalarının yaranmasında prefikslərin rolundan, xəbər, lazım, arzu və əmr şəkilllərindən bəhs edir. Alimin feilin zamanları ilə bağlı fikirləri xüsusi ilə maraq doğurur. Feil bəhsinin sonunda talış dilində təsriflənməyən feilləri təhlil edirlir. Xüsusən də məsdərlə bağlı alimin fikirləri maraq doğurur. Məlumdur ki, talış dilində məsdər məsələsinə alimlər, demək olar ki, toxunmur. Bu mənada, Əbülfəz müəllimin məsdərə yanaşması maraq doğurur. 

Morfologiya bəhsinin sonunda alim köməkçi nitq hissələrini, yəni bağlayıcı, ədat, nida və təqlidi sözləri təhlil edir. 
Monoqrafiyada morfologiyaya nisbətən sintaksis bəhsinə az diqqət ayrılır. Bu bəhsdə, əsasən, talış dilinin özünəməxsus xüsusiyyətləri, xüsusən də nominativ və erqativ cümlə strukturu təhlil edilir. Talış dilində söz sırasından bəhs olunur. Alim eyni zamanda tabesiz və tabeli mürəkkəb cümlələri də təhlil edir. 
Monoqrafiyanın son bölməsi leksikaya həsr olunub. Bu bölmədə qısa da olsa talış dilinin dialektlərindən də bəhs olunur. 
Ümumilikdə, qeyd olunmalıdır ki, monoqrafiya talış dilinin qrammatikası barədə tam məlumat verir və olduqca yüksək səviyyədə yazılan bir əsərdir. 

Alimin talış dili ilə bağlı yazdığı ən sanballı əsər isə, heç şübhəsiz, “Talış dilinin fonetikası” əsəridir. Əsər 2008-ci ildə “Nurlan” nəşriyyatında çap olunub. Əsərin girişində alim əvvəlcə “Talışlar” adlı bəhs verir və bu bəhsdə talışların tarixini araşdırır. Talış xalqının tarixi haqqında çox mükəmməl bir oçerk olan bu hissədə talışların Qafqazın aftoxton bir xalqı olduğu sübut olunur və talışların guya “əski türklər” olduğu iddiası konkret faktlarla inkar edilmişdir. Ümumiyytlə, bu oçerk talış xalqının tarixinin öyrənilməsi baxımından da olduqca maraqlıdır. 

Talışlar adlı ilk bölmədən sonra alim talış dilinin tədqiqindən bəhs edir. Bu bölmə “Talışlar və talış dili” kitabında olan bölmənin nisbətən genişləndirilmiş hissəsi olduğunudan bu haqda çox yazmaq istəməzdik. Növbəti bölmə isə “Talış əlifbası” adlanır. Burada müəllif ilk olaraq əlifba və dil məsələlərinə toxunur və haqlı olaraq bu nəticəyə gəlir ki, dünya xalqlarının əksəriyyətinin özünəməxsus əlifbası yoxdur və əlifba yazıdan daha çox siyasi əhəmiyyət kəsb edir. Alimin fikrincə, latın qrafikalı əlifba talış dilinin fonemlərinin realizə olumnasında heç bir çətinlik törətmir. Amma alim talış dilində incə “ü” səsinin ifadəsində “u” qrafik işarəsindən istifadənin tərəfdarı olduğunu qeyd edir, çünki talış dilində qalın “u” səsi olmadığından bir işarə verilməsi məqsədəuyğun hesab edilir. Bu halda isə adətən, diakritik işarəsi olmayan hərfin istifadəsinin daha doğru olduğunu qeyd edir. Fikrimizcə, bu doğru qərardır. Alim eyni zamanda bir neçə dəyişiklik də təklif edir və sonda latın qrafikalı talış əlifbasının layihəsini verir. 

Monoqrafiyada daha sonra talış dilinin bütün səs sistemi tədqiqata cəlb olunur. İlk olaraq saitlərin hər birinin fizioloji-akustik xüsusiyyətləri, daha sonra isə samit fonemlər və onların xüsusiyyətləri araşdırılmaya cəlb olunur. Sonda alim talış dilində fonetik hadisələri təhlil edir və orfoqrafiya məsələlərinə yer verilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, bu əsər indiyə qədər talış dilinin ayrıca bir səviyyəsinə həsr olunmuş ən sanballı əsərdir. 
Ümid edirik ki, ustad alimimiz öz tədqiqatlarını yenə də davam etdirəcək və Azərbaycan elmi ictimaiyyətini yeni-yeni əsərlərlə sevindirəcək.

Bu günlərdə 85 yaşı tamam olan professor Əbülfəz Rəcəbli, heç şübhəsiz, öz adını Azərbaycan elm tarixinə qızıl hərflərlə yazdırmış əvəzolunmaz alim, böyük ustad və ən əsası tələbələrinin xatirələrində daim yaşayacaq təkrarolunmaz müəllim, gözəl ailə başçısıdır. Biz də öz adımızdan Azərbaycan dilçiliyinin patriarxını bu yubiley münasibəti ilə təbrik edir, can sağlığı və uzun ömür arzulayırıq.  

            Rasim Arif oğlu Heydərov
            Filologiya üzrə fəlsəfə doktoru, dosent

Oxşar xəbərlər