Talış istiqamətində şəhid olan Gəgiran kəndinin qəhrəmanı miçman Axundov

15 Mrt 2021 15:27
909

Mirzə Musa oğlu Axundov 15 mart 1984-cü ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 1991-ci ildə Gəgiran kənd tam orta məktəbin birinci sinfinə gedib və 2002-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Mirzə təhsilini başa vurduqdan sonra həmin ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfidən həqiqi hərbi xidmətə göndərilib. Xidməniti nöqsansız başa vurduqdan sonra müddətdən artıq xidmət etmək qərarına gəlir və könüllü olaraq 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam etdirir. 2016-cı ildən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 3 il orada xidmət etdikdən sonra, 2019-ci ildən etibarən isə Tərtər rayonunda yerləşən "N" saylı xidmətini davam etdirir. 

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov nümunəvi xidmətinə görə II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir.

2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olan Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə də qatılır və yüksək qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən, xeyli sayda canlı qüvvəsini məhv edən Mirzə bir çox yaşayış məntəqələrimizin və yüksəkliklərimizin alınmasında fəal iştirak edir. Oktyabr ayının 2-də Talış istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi Bakı şəhəri, Zığ qəsəbəsinə gətirilir və böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Gəgiran kəndində anadan olan miçman Mirzə Musa oğlu Axundov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmağına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 

Oxşar xəbərlər