“Talış kəndini aldıq, biz daha da irəliyə gedəcəyik“ - Şəhid Yunis Orucov

14 May 2021 11:32
869

Əslən Lerik rayonunun Pirasora kəndindən olan Yunis Şaiq oğlu Orucov 01 may 2001-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 3 qardaş və 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Evin ikinci oğlu olan Yunis uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2007-ci ildə Neftçala rayon Aşağı Qaramanlı kənd ümumi orta məktəbin 1-ci sinfinə gedib və 2016-cı ildə həmin məktəbin 9-ci sinfini şəhadətnamə ilə başa vurub. Sonra Salyan Peşə Liseyinə qəbul olaraq kənd təssərrüfatı fermerlik peşəsi üzrə oxuyub, diplom və atestatla başa vurub. Təhsil aldığı illər ərəfəsində Yunis həm də Neftçala Şəhər Uşaq İncəsənət Məktəbində tar musiqi aləti ilə də məşğul olub. Təhsilini başa vurduqdan sonra -22 iyul 2019-cu ildə Neftçala şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. 

Yunis hələ uşaqlıq illərindən hərbi silah-sursatlara çox böyük maraq göstərər və ova getməyi çox sevərdi. Hərbi geyim sanki onun üçün hər şey idi. Ən böyük arzusu ermənini məhv etmək, düşmən tapdağı altında olan torpaqlarımızı azad görmək və şəhid olmaq olur. Bunu hətta məktəb illərində sinif yoldaşlarının xatirə dəftərində də qeyd edir. 2020-ci ilin "Tovuz döyüşləri"ində göstərdiyi igidlik bunun bir daha açıq göstəricisi olur. Yunis döyüşə həvəsli olduğu üçün hər zaman cəbhədə öndə gedən əsgərlərdən biri olur. Həmin ilin sentyabr ayından etibarən başlayan 44 günlük II Qarabağ müharibəsində də müharibənin fəal iştirakçısı olur və Talış-Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə böyük qəhrəmanlıqlar göstərir, düşmənə sarsıdıcı zərbələr endirir və xeylı sayda canlı qüvvəsini məhv edir. Talış kəndinin azad olunmasında müstəsna rolu olan Yunis bunu görüncə çox sevinir və "Talış kəndini aldıq, biz daha da irəliyə gedəcəyik" -deyir. Daha sonra Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərə qatılır və düşmənə layiqli cavab verir. Oktyabr ayının 9-da Ağdam-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi həmin ayın 14-də böyüyüb, boya-başa çatdığı Aşağı Qaramanlı kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olan əsgər Yunis Şaiq oğlu Orucov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda"  medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                             Ambur.az

Oxşar xəbərlər