TALIŞ-MUĞAN ELİNƏ BAX

01 İyl 2021 09:15
314

Azərbaycan odlar yurdu,
Xalqlar burda yuva qurdu.
Hər guşəsi bağdı, nurdu,
Talış-Muğan elinə bax.


İnsanları bir ürəkdir,
Dosta arxa, həm kürəkdir.
Şübhənmi var? Nə gərəkdir, 
Talışın hünərinə bax.


Günəşlidir al səhəri,
Şəfəq saçır Göy Xəzəri,
Uzaq bizdən bədnəzəri.
Dalğalanan nəhrinə bax.


Yamyaşıldır bizim bağlar,
Çox sərindir buz bulaqlar,
Qıjıldayır kiçik çaylar,
Yaşıllığa, sərinə bax.


Çiçəklidir göy çəmənlər,
Bitir lalə, yasəmənlər,
Bənövşələr ətirlənər,
Bu gülşənin zərinə bax.


Feyxo, limon bağlarına,
Mandarinin tağlarına,
Gəl Talışın dağlarına,
Xəyala dal, sehrinə bax.


Bulaq-bulaq"İsti sular",
İnsanlara dərman olar.
Gəl şəfa tap, rəngin solar,
Möcüzədir, sirrinə bax.


Çay kolları düzüm-düzüm,
Bəzəyidir çölün, düzün,
İç pürrəngi, doymur gözün,
Şöhrətinə, ətrinə bax.


Halay vurur, süzür qızlar,
Mahnı deyir, düzür qızlar,
Gözün düşər, ürək sızlar,
Aman qardaş, özünə bax.


Vətən, əcəb laləzardır,
Düşmənlərə bir məzardır.
Canım qurban, o azaddır!
Talışın ürəyinə bax!..

           Aydın BAXŞIYEV -26.07.2021

Oxşar xəbərlər