“Talışlar bu yerlərin ən qədim sakinləridir və onlar tarix səhnəsinə kadusilər adı ilə çıxmışlar“- Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli

06 Sen 2021 06:13
927

                           TALIŞLAR           III HİSSƏ

Birinci hissə: https://ambur.az/talis-dili-slavyan-baltik-german-dilleri-ile-uzaq-qohumdur
İkinci hissə: https://ambur.az/xx-esrin-30-cu-illerinde-talis-sozunu-isletmeye-bele-icaze-verilmedi-talis-zonasi-adi-deyisdirilib-lenkeran-astara-zonasi-adlandirildi

Talışlar bu yerlərin ən qədim sakinləridir. Talışlar tarix səhnəsinə kadusilər adı ilə çıxmışlar. Q.A.Qeybullayev yazır: “Əhəmənilərin XI satraplığında ilk dəfə kaduslar (kadusilər) haqqında Heredot (III, 92) xəbər verir. Sonralar onlar haqqında başqa antik yazıçılar da yazmışlar. Kaduslar müasir talışların əcdadlarıdır və onların yaşadıqları vilayət Atropatena aid idi” (Г.А.Гейбуллаев.  К этногенезу азербайджанцев. Баку, 1960, səh.360). Müəllif kadusiləri irandilli qəbilə hesab edir (Yenə orada). Lakin qeyd etmək lazımdır ki, Azərbaycanın bir sıra tarixçi alimləri başqa fikirdədir. Belə alimlərdən İqrar Əliyev yazır: “Nəhayət, onu da yaddan çıxarmaq olmaz ki, antik və elinistlikdən sonrakı dövrdə Midiyada və onunla sərhəd vilayətlərdə qeyri-ari (qeyri-İran) qəbilə və xalqlar da yaşayırdı. Onlar haqqında Polibi, Strabon, Ptolomey, Plini və başqaları danışılır. Bu qəbilə və xalqların sırasına güman ki, .. kadusiləri ...aid etmək olar” (Играр Алийев. История Мидии, Баку, 1960, səh.102-103). Müəllif bir qədər sonra kadusi qəbilələrinin irandilli olmadığı haqqındakı fikirlərini daha aydın, “güman ki” ara sözü olmadan ifadə edir: “Bizi maraqlandıran zonaya şimaldan və şimali-şərqdən kaspilərin, kadusilərin, utilərin, aynianların, anariakların, elümlərin və digər qəbilələrin torpaqları birləşirdi; bu qəbilələrin arasında çətin ki, heç olmasa bir irandilli qəbilə vardır” (Yenə orada, səh. 106). İqrar Əliyev təxminən 30 il sonra yazdığı başqa bir əsərində yenidən bu məsələyə qayıdır, kadusilərdən geniş şəkildə danışır, lakin onların etnik mənsubluğu və dil mənşəyi haqqında bir söz də demir, (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh. 7, 15, 43, 51, 55) halbuki müəllif elə həmin əsərində digər qəbilə və xalqların etnik və dil mənşəyi haqqında müəyyən mühakimələr yürüdür (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh. 15-22). Düzdür, bu əsərin bir yerində – gel qəbilələrindən danışarkən müəllif kadusilərin mənşəyinə toxunur: “Gel etnonimi ilə etimoloji baxımdan Gilan...yer adı əlaqədardır. Şübhəsiz, kadusilərin nəsilləri olan gellər (gilanlılar) İran dillərindən birində danışırlar. Bizə məlum olan bütün kadusi adları İran mənşəlidir... Beləliklə, bizim mənbələrdə məxsusi kadusilər təxminən on əsr müddətində xatırladılır, onlar bu gün də gilanlıların simasında yaşayırlar” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.15-16). Başa düşmək olmur ki, müəllif nə demək istəyir: kadusilər gah irandilli, gah da qeyri irandilli qəbilə kimi təqdim edilir. Bütün bunlara baxmayaraq İ.Əliyev Midiya və Atropatena dövlətlərində yaşayan qəbilə və xalqların mənşəyini təhlil etdikdən sonra yazır: “Beləliklə, Atropatena təmərküzləşən Midiya-Atropatena-azəri xalqı, keçmiş Midiyanın (Böyük Midiya) cənub və qərb vilayətləri ilə əlaqəni itirərək və qəti surətdə xüsusiləşərək, tədricən müstəqil etnik vahidə çevrilir.

...Midiyanın bütün ərazisi üçün vahid Midiya dili yox idi, müxtəlif qəbilə dilləri mövcud idi; bunların üzərində sonralar gələcəkdə Midiya xalqının İran dilinə çevrilmək üçün patensial imkanı olan qəbilə dili üstünlük təşkil edirdi. Lakin bu dil, möhkəmlənməyə macal tapmadan, görünür, müflisliyə uğradı və bu dilin içində əriyib getməmiş yerli qəbilə dilləri və dialektləri sonralar qismən assimilyasiya edildi, qismən də, Midiya etnosunun Atropatendə toplanması nəticəsində, həmin vaxtdan etibarən müstəqil, öz daxili qanunları ilə inkişaf edən atropatenlilərin dilinin yaranmasının başlanğıcı oldu. Atropaten dilinin necə olduğunu biz bilmirik, lakin guman etmək olar ki, onun qalıqları müasir Azərbaycan dilində qorunub saxlanmışdır. Lakin bizim əlimizdə heç bir əsas yoxdur ki, bu qədim Azərbaycan dilini türk dili adlandıraq. 

Çox güman ki, bu dil İran dili olmuşdur. Görünür orta əsrlərdə bu qədim Azərbaycan nitqi bütün Azərbaycan ərazisində geniş yayılmış və İran mənşəli olması heç bir şübhə doğurmayan azəri dilində təcəssüm etmişdir. Ola bilər ki, İran Midiya dilinin qalıqları hazırkı zamanda Azərbaycan və İran ərazisində işlədilən talış dili və digər İran dialekt və şivələrində qorunub saxlanmışdır” (Играр Алийев. Истории Мидии, səh. 113-114).
Görkəmli Azərbaycan tarixçisi Ə.S.Sumbatzadə də bu fikirdədir ki, kadusilər qəbiləsi İrandilli olmamışdır: “Atropatenanın şimal-qərbində güclü qeyri irandilli kadusilər qəbiləsi də yaşayırdı; onlar haqqında təxminən bütün antik qaynaqlarda məlumat verilir. Belə ki, məsələn, bizim eradan əvvəl II əsrin məşhur Roma tarixçisi Polibinin “Ümumi tarix”, Tit Livinin (bizim eradan əvvəl I əsr) “Roma tarixi” əsərlərində onlar haqqında qeyd edilir. 

Tit Livinin müasiri ilk latın müəllifi Pompey Troqun əsərləri əsasında tərtib edilmiş “Mark Yunian Yustinin ixtisarı” əsərində kadusilərin farslarla müharibəsi haqqında danışılır. 
Kadusilərə habelə Kvint Kursi Rufun (bizim eranın I əsri) “Böyük İskəndərin tarixi” əsərində Arbi yaxınlığındakı döyüşdə III Daranın qoşunları sırasında iştirak etmiş xalqlar arasında rast gəlinir. 

Dionisi özünün “Məskunlaşmış torpaqların təsviri” adlı əsərində albanlarla yanaşı kadusiləri də “cəngavərlər” adlandırır, onun bu əsərinə sonralar izahat yazmış Yevstafi isə qeyd edir ki, kadusilər qayalıq torpaqda yaşayır, qayalarda gəzən çox gənc adamlardır, kamandan ox atan əla atıcılardır. 

Kadusilər haqqında Erotosfenə istinadla Strabonun “Coğrafiya” əsərində də danışılır. Selefk Nikator (bizim eradan əvvəl 311-281-ci illər) dövründə Xəzəryanı vilayətlərin hakimi Patrokla isnad edərək Strabon xəbər verir ki, dağlıq ölkədə sahilin çox hissəsini təxminən beş min stadidə (bir stadi təxminən 192 metrə bərabərdir – Ə.R.) kadusilər tutur. 

Tit Livinin bizim eradan əvvəl II əsrin ikinci yarısı – I əsrin əvvəlində yazılmış “Romanın tarixi” əsərində də kadusilər bir neçə dəfə xatırlanır...
...Hətta bizim eranın IV əsrin müəllifi Rufi Fest Aviyon özünün “Yer dairəsinin təsviri” adlı əsərində Xəzər dənizi yaxınlığında yaşayan xalqlar sırasında kadusilərin də adını çəkir. “Burada, - o yazır, – xəzər suları yaxınlığında cəngavər skiflər köç edir, elə buradaca qəzəbli albanlar yaşayır. Orada daşlıq tarlaları qanahəris kadus, cəld mardlar, hirkanlr və tapirlər tutur. 
Və, nəhayət, bizim eranın V əsrinin ikinci yarısının coğrafiyaçısı Prissian özünün “Torpağın təsviri” adlı əsərində yazır: “İndi şimal ölkələrindən başlayaraq qərbə meyl edən və Xəzər dənizinin sahillərini əhatə edən, onu öz daxilinə alan qəbilələri sayıram, əvvəldən...xəzərlərin cəsur qəbilələri, sonra qəzəbli Marsın cəngavər oğulları – albanlar...onlardan sonra olduqca sərt ölkədə yaşayan kaduslar; onların yaxınlığında mardlar və sonra hirkan xalqı gəlir” (А.С.Сумбатзаде. Азербайджанцы – этногенез и формирование народа. Баку, 1996, səh.43-44).

Talışların ulu əcdadları kadusilər talışların indi yaşadıqları torpaqların əzəli sakinləridir. 
Q.A.Qeybullayevin yazdığına görə, “tarixin atası” Heredot (III, 92) kadusilər haqqında ilk məlumat verən müəllifdir, (Г.А.Гейбуллайев. К этногенезу азербайджанцев, səh. 360) lakin İqrar Əliyev yazır ki, Heredotun əsərində kadusilərin adı çəkilmir və bunu belə izah edir: “Onların Herdot tərəfindən xatırladılmamasını, güman ki, onunla izah etmək olar ki, belə görünür, kadusilər, ola bilər, cənub-qərbi xəzəryanı qəbilələrin ümuni adı olan “kaspilər” adı altında gizlənmişdir. Qeyd etmək zəruridir ki, sonralar da “Kadusilər torpağı” və “Kaspilər torpağı” anlayışları eynimənalı kimi işlənmişdir” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.52).
Kadusilər haqqında bizə gəlib çatan ən qədim məlumat Stabonun “Coğrafiya” kitabında verilir. Kitabın müxtəlif yerlərində müəllif dönə-dönə kadusilərdən danışır: “kadusilər dəniz sahili boyu” (XI, 6, 1) və “dağlıq ölkədə” (XI, 8, 4) yaşayırlar. O, sözünə davam edib yazır: “Dağlıq vilayətin yanında sahilin çox hissəsini kadusilər tutur” (XI, 8, 4). Əsərin başqa bir yerində deyilir ki, “burada dağlı qəbilələr olan kadusilər, amardlar, tapirlər, kirtilər və başqa köçəri və quldurluq edən xalqlar məskundur” (XI, 13, 3). Daha sonra Strabon göstərir ki, “kadusilər midiyalılar və mitianlarla Paraxoafr dağlarının ətəklərində həmsərhəddirlər” (XI, 8, 8). Kadusilər cəngavər xalq olmuşdur. Strabon yazır ki, “kadusilər piyadaların miqdarına görə arianlardan bir az geridə qalırlar; onlar əla cidaatandırlar; dağlıq yerlərdə onlar atlıların yerinə vuruşurlar” (XI, 13, 4). Qədim qaynaqların verdiyi məlumata görə, kadusilər döyüşə 20 min piyada və 4 min süvari qoşun çıxarırmışlar. Bu isə o dövr üçün böyük hərbi qüvvədir.

Yunan tarixçisi Dionisii Periyeget də kadusilər haqqında məlumat verir, “alban və kadusilər sahilləri” haqqında danışır. Antik tarixçilərdən Rufi Fest Avlen Xəzər dənizi sahillərində yaşayan xalqlar haqqında danışarkən yazır: “Burada Xəzər suları yaxınlığında cəngavər skif, qəddar alban, yırtıcı kadus, sürətli mardlar, hirkanlar və tapirlər dolaşır”. 

Azərbaycan tarixinin qədim dövrü üzrə tanınmış mütəxəssis İqrar Əliyev iki əsərində – “Midiya tarixi” və “Atropatenanın tarixi oçerki” adlı əsərlərində antik orta əsrlər, yeni və müasir dövr tarixçilərinin kadusilər haqqında söylədikləri fikirləri təhlil edir. O, “Midiya tarixi” adlı əsərində kadusilər haqqında yazır: “Kadusilər Xəzər dənizinin cənub-qərb sahillərindən başlamış ta Matiyen və erməni torpaqlarınadək olduqca geniş bir ərazidə məskun olan çox yayılmış qəbilə qrupudur. Kadusilərin qonşuları kimi albanlar, iberlər, midiyalılar, matiyenlər, Hirkaniya xatırladılır. Cəngavər dağ qəbilələri olan kadusilər öz müstəqilliklərini nəinki yalnız Midiya monarxiyasi dövrlərində, güman ki, hətta Əhəmənilər dövlətinin mövcud olduğu dövrlərdə də qoruyub saxlaya bilmişdilər, hərçənd Ktesi şahidlik edir ki, onlar Kirə tabe olmuşdular. Bu məlumata heç olmasa ona görə inanmaq olmaz ki, çox sonralar, hətta III Daranın zamanlarında, kadusilər İran şahənşahının təbəələri hesab edilmirdilər. Midiya hakimi Atropatın müttəfiqləri sayılırdılar.

Kadusilər həm də gellər, mümkündür ki, leqlər də adlandırırdılar. Ola bilər ki, göstərilən şərait belə bir məsələnin xeyrinə şahidlik edir ki, bu adlardan hər birinin arxasında eyni bir qəbilənin yaxud qəbilələr qrupunun hansısa müəyyən qrupu gizlənir. Üstəlik güman etmək olar ki, “kadusilər” etnonimi bir neçə qəbilə, o cümlədən gellər və leqlər üçün ümumi addır...

Kadusi etnik ənənələrinin yaşamaq qabiliyyəti haqqında onların orta əsrlər erməni ədəbiyyatında “Katisk” adı altında xatırladılması faktı da şahidlik edir. Beləliklə, kadusilər adı təxminən bütöv minillik boyu yaşamışdır” (Играр Алийев. Истории Мидии, səh.104).  

Antik qaynaqlar göstərir ki, İran şahı III Artaksereks (bizim eradan əvvəl 338-ci ildə zəhərlənib ölmüşdür) itaət etmək istəməyən kadusi qəbilələrinə qarşı hərbi yürüş təşkil etmişdi (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.43). 
İ.Əliyev “Atropatenanin tarixi oçerki” adlı əsərində kadusilər haqqında daha ətraflı və geniş məlumat verilir. Müəllif əsərinin bir neçə yerində bu qəbilə haqqında danışır: “Kadusilər Atropatenanın ən böyük və güclü qəbilə qruplarından biri idi. Atropat v əAtropatidlər hərbi qüdrətini xeyli dərəcədə onlar yaratdılar. Onlar haqqında ən erkən məlumat Ktesi Knideki və Ksenofontda vardır.  Kadusilər Xəzər dənizinin cənub-qərb hissəsindən başlamış ta Matiyen və erməni torpaqlarına qədər olduqca geniş bir ərazidə məskun idilər. Kadusilərin qonşuları kimi antik müəlliflər midiyalıları, matiyenləri, labanları, kardukları, anariakları, kaspiləri, amardları, sakları, tapirləri, hirkanları və başqalarını xatırladırlar. Kadusilər, demək olar ki, şübhəhiz, XI satraplığın xalqlarının tərkibinə daxil idilər. Onlar 20 min peltasi (yüngül silahlanmış piyada qoşun – Ə.R.) və 4 min süvari qoşun çıxarırdılar və Strabonun sözlərinə görə, “əla cida atanlardılar; dağlıq yerlərdə onlar atlıların yerinə vuruşurlar” (XI, 13, 4). Cəngavər dağ qəbilələləri olan kadusilər öz müstəqilliklərini nəinki təkcə Midiya monarxiyası zamanlarında, həm də, görünür, Əhəmənilər dövründə də qoruyub saxlamışdılar, hərçənd Ktesi təsdiq edir ki, onlar Kirə tabe olmuşdular. Buna inanmaq heç olmasa ona görə çətindir ki, çox sonralar, hətta III Daranın dövründə onlar fars şahının təbəələri yox, Midiya satrapı Atropatın müttəfiqləri hesab edilirdilər. 

Xatırladılan etnonimin əsası, görünür ki, d u ş – t i ş olmuşdur (erməni muəlliflərinin göstərdikləri katış-k forması ilə müqayisə et). Kadusilər (yaxud onların hansısa hissəsi) antik müəlliflər tərəfindən gellər və leqlər adlandırılmışdır. Mümkündür ki, erkən antik dövrdə kadusilər cənub qərbi xəzərsahili qəbilələri, ola bilsin ki, ümumi şəkildə göstərən “kaspilər” adı altında gizlənmişlər. qeyd etmək vacibdir ki, xeyli sonrakı zamanlarda da “Kadusilər torpağı” və “Kaspilər torpağı” – bu iki məfhum eynimənalı işlənmişdir. Bax buna görə belə hesab etmək olar ki, kadusilər XI satraplığa daxil olmuşlar. Ola bilər ki, habelə “kadusilər” etnonimi bir neçə qəbilə, o cümlədən gellər və leqlər ümumi ad olmuşdur (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.15). Kadusi etnoniminin yaşamaq qabiliyyəti haqqında onların erkən orta əsrlər erməni ədəbiyyatında katişk adı altında göstərilməsi faktı da şahidlik edir. Beləliklə, bizim mənbələrdə məxsusi kadusilər təxminən on yüzillik boyu qeyd olunur, onlar bu gün də gilanlıların simasında yaşayır (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.16). Başqa bir yerdə İ.Əliyev yazır: “Lakin biz bilirik ki, Qavqamel döyüşündə (Qavqamel döyüşü bizim eradan əvvəl 331-ci ildə Makedoniyalı İskəndərin qoşunu ilə İran şahı III Daranın qoşunu arasında baş vermişdir – Ə.R.) Atropatın komandanlıq etdiyi midiyalılar kadusilər, albanlar və sekesinlərlə “birləşdirilmişdi”… Və məhz buna görə farslar tərəfindən itaət altına alınmayan kadusilər Qavqamel döyüşündə bütövlükdə Fars dövlətinin yox, midiyalıların müttəfiqi (“birləşdirilmişdilər”) kimi çıxış edirlər. Görünür, albanlar və sakesenlər də Fars imperiyasının tabeliyində olanlar deyil, Midiya satrapının müttəfiqləri idi. 
Kadusilər, demək olar ki, şübhəsiz XI satraplıqla əlaqədar olmalıdır, oraya kaspilər, pavsiklər, pantimatlar və dereytlər də daxildir. Onların Heredot tərəfindən qeyd edilməməsini, güman ki, onunla izah etmək olar ki, görünür, kaspilər, ola bilər ki, cənub-qərbi xəzərsahili qəbilələri göstərmək üçün işlədilən ümumi “kaspilər” adı altında gizlənmişlər. Qeyd etmək lazımdır ki, sonralar da “Kadusilər torpağı” və “Kaspilər torpağı” məfhumları eynimənalı kimi işlədilməmişdir”. Görünür, kadusi qəbilələri öz dövrü üçün qüdrətli hərbi qüvvə təşkil etmişdir. Strabon öz dövrü üçün qüdrətli dövlətlərdən olan Atropatendən danışarkən yazır ki, “bu ölkə hərbi qüvvə baxımından kifayət qədər böyükdür, belə ki, o, Apollininin dediyinə görə, (döyüşə) 10000  atlı və 40000 piyada çıxara bilir” (Coğrafiya, XI, 13, 2). Yuxarıda antik mənbələrə əsaslanıb göstərdim ki, kadusi qəbilələri döyüşə 4 min atlı, 20 min piyada çıxara bilirmiş. Məhz buna görədir ki, qüdrətli İran dövlətini darmadağın edib diz çökdürən Makedoniyalı İskəndər kadusi qəbilələrinin yaşadığı torpaqları işğal edə bilməmişdir. Maraqlıdır ki, Makedoniya fatehi Hirkaniyanı tutub və cəngavər dağlı tapur və amard qəbilələrini özünə tabe edib Atropatenin şimalında yaşayan kadusiləri tabe etmək məqsədi ilə Parmenionu Ekbatanda saxladı ki, onlara cənubdan (yəni Atropatendən) hucum etsin. Lakin bu plan həyata keçirilməmiş qaldı. Buna nəmane oldu – biz bilmirik” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.51-52). 
Antik müəlliflərdən bir sıra hallarda kadusilər, gellər və leqləri eyni etnonim kimi yaxud qonşu qəbilələr kimi təqdim edirlər. Antik müəlliflərin leqlər haqqında dediklərini ümumiləşdirərək İqrar Əliyev yazır: “Leqlər Qafqaz dağlarında gellərlə bir yerdə yaşayırdılar”. “Skif qəbilələri gellər və leqlər, amazonkalar və albanlar arasında yaşayır” (Strabon, XI, 5, I ; Daqha bax: Plutarx, Pomponi Mela, 35; Mousey Xeronski, III, 37, 38 və s.). Lakin Ptolomey kadusiləri leqlər adlandırır (Ptolomey VI, 4, 2) ...Ola bilər ki, leqlər elə həmin gellərin və kadusilərin hansısa hissəsinin adıdır. Ola bilər ki, Strabon, Ptolomey, Plutarx və erkən orta əsrlər erməni müəlliflərinin (xüsusən M.Xoronskinin “leklər” şəklində) qeyd etdikləri leqlər Heredotun matiyenlər və digər qəbilələrlə yanaşı göstərdiyi ligiyalarla eynidir” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.104-105). İ.Əliyevin leqlərin Qafqaz dağlarında gellərlə bir yerdə yaşaması haqqındakı sözləri məni inandırmır, çünki bütün antik qaynaqlar göstərir ki, gellər Xəzər dənizinin cənub-qərbində (Qafqaz dağları Xəzər dənizinin cənub-qərbində yox, qərbindədir), kadusi, tapur, amard qəbilələri ilə qonşuluqda yaşayır. Buna görə də mən belə hesab edirəm ki, leqlər gel və kadusi qəbilələri ilə qohum, yəni irandilli ola bilməzdilər və mənə elə gəlir ki, Q.A.Qeybullayev leqləri qafqazdilli qəbilələrə aid etməkdə haqlıdır (Г.А.Гейбуллайев. К этногенезу азербайджанцев, səh.166-167).

Mən bu fikirdəyəm ki, təkcə kadusilər deyil, habelə gel və hirkan qəbilələri də müasir talışların ulu əcdadlarıdır. Məni bu qənaətə gətirən səbəblər bunlardır: 1. 1. Antik qaynaqlarda, bir tərəfdən, kadusi və gel qəbilələrinin, digər tərəfdən, hirkan qəbilələrinin adları eyni bier mənbədə yanaşı çəkilmir. Ola bilər ki, bir mənbədə kadusi və gel adlandırılan eyni bir qəbilə başqa mənbədə hirkan adlandırılsın. 2. Az qala, bütün antik qaynaqlar kadusi və gelləri eyniləşdirir, eyni bir qəbiləni gah kadusi, gah da gel adlandırır. 3. Yuxarıda göstərdiyim kimi, İ.Əliyev kadusi qəbilələrindən danışarkən göstərir ki, antik qaynaqlarda “kadusiləri qonşuları kimi albanlar, iberlər, midiyalılar, matienlər, Hirkaniya xatırladılır”. Diqqət yetirilsə, kadusilərin qonşularının adları, Hirkaniyadan başqa, hamısı etnonimdir, Hirkaniya isə toponimdir. Deməli, Hirkaniya xalqın adı yox, yerin adını bildirir. Güman ki, antik müəlliflər xalqın və yerin adını qarışdırırlar. Hirkaniyada kadusilər də, gellər də, hirkanlar da yaşaya bilərdi. Yaxud kadusilər və gellər eyni zamanda həm də hirkanlardır. 4. İndi də Lənkəran rayonunda Hirkan meşəsi, Hirkan qoruğu mövcuddur. Bu da qədim hirkan qəbilələrinin burada yaşadığını göstərir. 

Beləliklə, mən belə hesab edirəm ki, ya ən qədim mənbələrin kadusiləri və gelləri nisbətən sonrakı dövrlərin hirkanlarıdır, ya da bu üç qəbilə indiki talış torpaqlarının ən qədim məskunları və müasir talışların (habelə giləklərin –gilanların) ulu əcdadlarıdır. Buna görə də burada gellər və hirkanlar haqqında da qısa məlumat verməyi lazım bilirəm. 

Antik qaynaqlarda gellərin yaşadığı region haqqında ziddiyyətli məlumatlar vardır. Bəzi antik müəlliflər əsərlərində (Strabon XI, 7, I; Ptolomey VI, 2, 5) göstərilir ki, gellər xəzərboyu vilayətlərdə – Xəzər dənizinin cənub-qərb sahillərində yaşamışlar. Bu yerləri indiki Talış regionu ilə lokallaşdırmaq olar. Digər antik müəlliflər isə (Strabon XI, 5, I; Pomponi Mela, 35) onların Qafqaz dağlarında yaşadıqlarını söyləyirlər. Antik qaynaqların kadusilər və gellərin yaşadıqları yerlər kimi göstərdiyi torpaqları ərəb qaynaqları talış torpaqları kimi qeyd edir (N.V.Vəlixanlı. Арабские географы путешественники X-XII вв. об Азербайджане, Баку, 1974, səh.15).

Hirkan qəbilələri də Atropatendə – Xəzər dənizinin cənub-qərb sahillərində yaşamışlar. Dionisi Periyeqet göstərir ki, alban və kadusilərlə yanaşı mardlar, hirkanlar və tapirlər də yaşayırdı. Qədim zamanlarda Xəzər dənizi də bu qəbilənin adı ilə Hirkan dənizi adlanmışdır. “Hirkan dənizi” ifadəsini də ilk dəfə bizim eradan əvvəl Hekateyin əsərində rast gəlirik. 

Məlum olduğu kimi, antik müəlliflər, hirkanların albanlar və kadusilərlə qonşuluqda yaşadıqlarını qeyd edirlər. Strabona görə (XI, 7, I)  hirkanlar Xəzər dənizinin cənub-qərb sahillərində Xəzərlərin geniş  yayıldığı yerlərdən ta onun Midiya və Erməni dağları ilə qovuşduğu yerlərədək geniş ərazilərdə yaşayırlar. Diqqət yetirilsə, bu yerlər həmin müəllifin kadusilərin yaşadığını göstərdiyi yerlərlə eyniyyət təşkil edir. Prissan isə yazır ki, “kadusilərin yaxınlığında hirkanlar yaşayır”. Strabon xəzər dənizi sahilində yaşayan xalqları cənubdan şimala doğru sadalayaraq qeyd edir ki, hirkanlardan sonra amardlar, anariklər, albanlar, kaspilər, utilər yaşayır (XI, 8, 8). Digər antik müəllif – Rufi Fest Xəzər dənizi sahillərində yaşayan xalqları bu sıra ilə sadalayır: cəngavər skiflər, acıqlı albanlar, qana həris kadusilər, cəld mardlar, hirkanlar və tapirlər (К.Г.Алиев. Античные источники по истории Азербайджана, Баку, 1986, səh.98). 

Artıq yuxarıda göstərdiyimiz kimi, hirkan qəbilələrinin adı Lənkəran rayonundakı Hirkan meşəsi və Hirkan qoruğu toponimlərində qorunub saxlanmışdır. 
Beləliklə, nəticə olaraq demək olar ki, müasir talışlar qədim irandilli kadusi, gel və hirkan qəbilələrinin birbaşa nəsilləridir.

Ardı var...

Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli “Talış dilinin fonetikası” Bakı, “Nurlan” 2009 səh.17-39  

Oxşar xəbərlər