Tanınmış meyxanaçı şəhid ailələri və yaralı əsgərlərimizlə görüşüb- Fotolar

19 Noy 2020 17:49
214

Tanınmış meyxanaçı Valeh Lerikli şəhid ailələrini və yaralı əsgərlərimizi ziyarət edib.

Ambur.az xəbər verir ki, 2011-ci ildə ANS TV-də keçirilən "De gəlsin" meyxana yarışmasının qalibi Valeh Lerikli Vətən müharibəsində şəhid olan  İsgəndər Vüqar oğlu Dövlətli və Bakının Türkan qəsəbəsində torpağa tapşırılan əslən Lerik rayonundan olan şəhid Rəşad Rasim oğlu Şiriyevin ailə üzvləri ilə görüşüb və şəhidlərin məzarını ziyarət edib.


Tanınmış meyxanaçı, həmçinin, Vətən müharibəsində Altay və Elgün adlı iki oğlu şəhid olan əslən lerikli Tahir Xaniş oğlu Mövlanovla görüşüb. Görüşdən sonra meyxanaçı Lerik rayonunun Kəlvəz kəndində anadan olmuş şəhid Bəhrəm və İmran Məmmədov qardaşlarının məzarlarını ziyarət etmiş və valideyinlərinə başsağlığı vermişdir. Xatırladaq ki, şəhid Altay və Elgün qardaşları Ulu Öndər Heydər Əliyevin dostu rəhmətlik Çoban Xaniş kişinin nəvələridir.

Meyxanaçı həmçinin 1992-ci ildə Şuşa uğrunda şəhid olmuş Emin Davud oğlu Qurbanovun, Kəlbəcərin azad olunması xəbərini Kəlbəcər briqadasının komandiri şəhid General Zair Rza oğlu Rzayevə çatdırmaq üçün onun məzarını ziyarət etmiş, daha sonra şəhid pilot polkovnik-leytenant Famil Elman oğlu Məmmədlinin və Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimovun məzarını ziyarət etmişdir.


Bundan əlavə, meyxanaçı həm də Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan yaralı əsgərlərlə və Modern Hosbitalda müalicə alan 7 snayper gülləsi alıb 7 saat qan itirən, ölümdən dönən, qısacası bir tarix kitabı qədər həyat hekayəsi olan gizir  Əsgər Hüseynovla görüşüb.


 

 

Oxşar xəbərlər