Tanınmış ssenarist, rejissor, söz ustadı - Cəfər Fətullayev

04 Yan 2022 23:26
417

Ağacəfər Əlibala oğlu Fətullayev 1959-cu ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olub. 1975-ci ildə Lənkəran şəhər 5 nömrəli tam orta məktəbi bitirib. 1977-1979-cu ildə Almaniyada hərbi xidmət keçib. 1982-1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda rejissorluq üzrə təhsil alıb. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mədəni-maarif işinin təşkilatçşı metodisti ixtisasına yiyələnib. Bir müddət Lənkəran kəndlərində mədəniyyət evinin direktoru, Q.Vəliyev adına Lənkəran şəhər mədəniyyət evinin metodisti, Lənkəran Dövlət Universitetinin əməkdaşı olub. Vaxtilə təhsil aldığı Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində ona bəslənilən etimadı yetərincə doğruldub. Rəsmi dövlət tədbirləri, bayram məclisləri, teatr tamaşaları, yubiley mərasimləri, ədəbi-bədii  kompozisyalar, bilik yarışmaları üçün məzmunlu ssenarilərin müəllifi kimi tanınıb. El şənliklərində, toy məclislərində, ədəbi-bədii gecələrdə, yaradıcı ziyalılarla görüşlərdə bənzərsiz aparıcılıq qabiliyyəti ilə rəğbət qazanıb. Klassik, çağdaş şairlərimizin çoxsaylı poetik örnəklərini ustalıqla təbliğ edərək könüllərdə yuva qurub.

Tanınmış aktyor, rejissor, Əməkdar artist Adil Zeynalovla birgə yazdığı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş "Müəmmalı ölüm" və "Qış nağılı" pyesləri Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Cəfər Fətullayev fədakar mədəniniyyət xadimi, səriştəli pedaqoq, incə ruhlu ssenarist-dramaturq, folklorumuzun və poeziyamızın qüdrətli təbliğatçısı kimi şöhrətlənib. Uzun illərdən bəri Azərbaycanın sosial-mədəni həyatında fəal iştirak edən Ağacəfər Fətullayev gənc nəslin təlim-tərbiyəsi sahəsində qazandığı nailiyyətlərə və çoxillik pedaqoji fəaliyyətinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin, Lənkəran Bələdiyyəsinin, ayrı-ayrı elm, təhsil və mədəniyyət ocaqlarının çoxsaylı Fəxri Fərmanına, qiymətli hədiyyələrə layiq görülüb. Azərbaycan Teatr xadimləri İttifaqının üzvüdür. Azərbaycan Müəllimlər İnstitunun keçirdiyi layihələrdə iştirak edib diplom və sertifikaktlar almışdır. Ailəlidir, 3 övladı var.

Allahverən PƏRVİZOĞLU

Oxşar xəbərlər