“Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə tarix yazdım“ - Quran hafizi, şəhid Elgün Quliyev

25 Sen 2022 23:36
151

Elgün Vasif oğlu Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 3 bacı və 1 qardaş olmaqla ailədə 6 nəfər olublar. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010–2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində "Tarix müəllimliyi" ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub.Elgün Quliyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. 2015-ci ildə xidmətini başa vurduqdan sonra evinə qayıdıb.

Elgün Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşə yollanəb və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Şamaxı rayonunun Göylər kəndinə gətirilib və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Şəhid Elgün Quliyevin son sözlərindən biri belə olmuşdur:
"Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə tarix yazdım".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər