TƏRBOZLU, YOXSA TƏBRİZLİ?

21 Fev 2022 17:32
768

Muğan həsrət yağışa,
Buludlar xəsis…
Yağış tökür Talışa
Hey-hey gərəksiz…
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Qabil

Bu yazını bilərəkdən Qabilin “Səhv düşəndə yerimiz” şeiri ilə başladım, həqiqətən də çox vaxt yerimiz səhv düşür, görürsən ki, bir saman tayası özünü dağ sanır və “dağlıq” iddiası o qədər böyük olur ki, əsl dağlara belə meydan oxuyur və bu hal ilk güclü küləyəcən davam edir…

Lankonun Havzava adlı kəndi var və həmin kəndin İldırım Şükürzadə adlı bir tarix müəllimi var, nornalda adi informasiyadır, amma normalda, dərd odur ki, İldırım müəllim artıq normanı keçib, arada özünü etnoqraf, arada isə lap toponimika bilicisi kimi aparır, olsun, nə deyirik ki? Hə, indi sizə kimdən deyim, daha doğrusu nədən deyim ki, və ən əsası – necə deyim ki, söhbətimiz şirin alınsın. Demək hadisə vaqe olur “Dodo” qəzetini 2021-ci ilin dekabr ayında dərc olunmuş 12 (54)-cü sayında. Qəzetin 8-ci səhifəsində İldırım Şükürzadənin “Təbrizli, yoxsa Tərbizli?” adlı, cəfəngiyat bir “araşdırma”, əslində plaqiat bir yazısı var. Bu barədə bir azdan…

Mən İldırım Şükürzadəni 2012-nin dekabrından tanıyıram, o vaxt “Tolışon Sədo” qəzetinə bir yazı vermişdi, 2013-cü ilin ilk nömrəsindəcə o yazını verdim, İldırım Şükürzadəni isə “tədqiqatçı” kimi cəmiyyətə təqdim etdim, o da öz “tədqiqatlarını” mütamadi olaraq qəzetimizə göndərirdi. Və bir müddətdən sonra qəzetimizin yazarlarına fərdi basqılar, təzyiqlər başladı və bəzi yazarlarımız, o cümlədən İldırım Şükürzadə ona edilən təzyiqlərə əyildi, qəzet ilə əlaqəni kəsdi, telefon nömrəsini dəyişdi və s. və i.a. Sonralar onun “tədqiqatlarını” oxuduqca başa düşürdüm ki, bu “tədqiqatları” diktə altında yazıb və o “tədqiqatlardan” biri də Lerikin Tərbozlu kəndi haqqındadır ki, indi bu yazıya aydınlıq gətirəcəm…

İlk əvvəl ona aydınlıq gətirim ki, niyə talış əsilli “ildırımlar” bizim talış kəndlərimizi hər vəclə qeyri-talış çıxartmaqda “maraqlıdırlar”. Bəlkə də daxilən maraqlı deyillər, sadəcə onların qarşılarına qoyulmuş tapşırıqdan kənara çıxa bilmirlər. Çox təəsüf ki, hakimiyyətin üst eşalonlarında “bərkişmiş” nurçular talış adına böyük bir dava açıblar ki, bu davada “sapı bizdən olanlardan” geniş istifadə edirlər. Fikir verirsizmi İldırım Şükürzadə yazısında bir dəfə də olsun kəndin əsl adını yazmayıb, bilirsiz niyə yazmayıb? Çünkü İldırım kimi “tədqiqatçılar – buyruq qulları” onlara verilmiş təlimatdan kənara çıxa bilmirlər, çıxa bilsəydilər elə yazıda adını çəkdiyi “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabının adında saxtakarlıq edib, Talış regionunu Lənkəran regionu etməzdilər, nə isə, keçid alım Tərbozlu toponiminin, əslində isə oykoniminin izahına. Əhli Tərbozlu heç də Təbrizdən bura köçənlər deyillər, Tərbozlular əsasən Çayru kəndindən bu əraziyə gəlib, kənd salanlardılar ki, günü bu gün də tərbozlularla çayrulular öz qohumluq əlaqələrini saxlayır, bir-birilərinin xeyir-şərinə gediş-gəliş edirlər. Demək İldırım Şükürzadənin yuxarıda adını çəkdiyim kitaba istinadən yazdığı “Təbrizdən gəliblər” cəfəngiyatı Biləcəridən o yana keçmədi. Bəs Tərbozlu oykonimi nə məna verir? Çox təəsüf ki, nə İldırım Şükürzadə, nə məlum kitabın müəllifləri talış dilindəki arxeoik sözləri, o cümlədən digər İran xalqlarının, Hind-Avropa xalqlarının dillərini bilmədikləri üçün “gücü” Azərbaycan dilinə verib, oxucunu səhv istiqamətə yönləndirirlər. Tərbozlu oykonimi, eləcə də Tərbozlu kəndinin daxil olduğu Vizəzəmin inzibati ərazi vahidinin bəzi kəndləri öz adlarında meyvə və tərəvəz adlarını ehtiva edirlər. Vizəzəmin – qoz çox olan yer, Bibyoni – heyva (ağaclarının) ətrafı, Peştətük – dağ yamacında çəltik və s. oykonimlər buna sübutdular, yeri gəlmişkən, bəzi diletant “tədqiqatçılar” Bibyoni kəndini “bibi honi” kimi bizə “soxuşdura” biliblər, yəni “bibinin bulağı”, amma bu diletantlar onu nəzərə almayıblar ki, talışlar bibiyə mama deyirlər, nə isə, deyəsən yayındım, qayıdım mətləbə. Tərbozlu oykonimi nə qədər qəliz görünsə də, bir o qədər də asand oykonimdir. Tərbozlu qarpızlıq deməkdir, yaşlı nəsl də təsdiq edir ki, ta qədimdən Tərbozlu kəndində böyük qarpız sahələri olub ki, kənd məhz adını bu sahələrdən götürüb. Artıq əksər talışlar qarpıza tərboz demirlər, zımıstoni (qış üçün pırpaz) deyirlər, lakin talışlar ilə eyni dil ailəsi olan taciklər qarpıza tarbuz, ruslar isə arbuz deyirlər, düzdür, bəzi talışlar hələ də qarpıza tərboz deyirlər, amma onların nəinki Tərbozlu kəndinə aidiyyatları yoxdur, hətta o adda kəndin varlığından belə xəbərsizdirlər.

Sonda İldırım Şükürzadəyə və onun kimi “tədqiqatçılara” səslənirəm, tədqiqat aparanda kitablardan da istifadə etmək olar, amma ən yaxşısı tədqiq edəcəyiniz oykonim ilə yerində maraqlanıb, yerli camaatın həmin oykonim barədə fikirlərini, həmin oykonimin yerli dildə səslənməsini bilmək daha yaxşı olar, yoxsa sizdən əvvəlki diletantların yazdıqların plaqiat etmək heç də “araşdırma” aparmaq deyil, əgər o araşdırmada sənin özüvün bircə cümlən yoxdursa – demək yerin səhv düşüb, qayıt öz yerivə, başqasının yerində gərəksiz olma….

PeşSıxan: yeri gəlmişkən, İldırım müəllim, sözün düzgün deyilişi orfopediya yox, orfoepiyadır, orfopediya isə tibbi termindir, elə-belə yazdım, gələcək “araşdırmalarınızda” bu cür səhv edib, oxucuları özünüzə güldürməyəsiz deyə…

Mənbə: rafiqcelilovblog.wordpress.com, Rafiq Cəlilov

Oxşar xəbərlər