Tolışə xəlqi mahneon (Talış xalq mahnıları)

01 Sen 2021 13:17
323

Azərbaycan ərazisində yaşayan ən qədim xalqlardan biri talış xalqıdır. Bu xalqın zəngin folklor mədəniyyəti vardır. Həyatın bütün sahələrinə aid “yolon sıxanon, iyən məsəlon” (atalar sözləri və məsəllər), bayatı formasında dördlüklər, tədqiqini gözləyən nağıllar, lətifələr, əfsanə və rəvayətlər bu xalqın bütün həyatını bir güzgü kimi əks etdirir. Bütün xalqlarda olduğu kimi talışlarda da folklorun ilk nümunələri əmək prosesini yüngülləşdirmək üçün ahəngdar şəkildə söylənən sözlərdən ibarət olmuşdur. Məs.: “Zu bıjənən, bəşmə ğıbon”, “Əlla(h), Mohəmməd, ya Əli”, “Həşi beşi, bıdə əmə şo bıbəmon” və s. Daha sonralar isə həmin sözlərin inkişaf edərək əsər halına düşməsi nəticəsində bitkin mahnı və nəğmələr yaranmışdır. Bu xalqın bitkin mahnı və musiqi mədəniyyəti onun həyat səhnəsində yetkin bədii təfəkkür və təxəyyülə malik olduğunu sübut edir.

Talış xalq mahnılarının mövzu dairəsi geniş və zəngindir. Burada əmək prosesi və məişət məsələlərini əks etdirən, sevgi və vətən məhəbbəti tərənnüm edən, insanın təbiətə münasibəti, qadın gözəlliyini vəsf edən, milli mənsubluğu əks etdirən nəğmələr və s. öz bədii əksini tapmışdır. Məsələn, “Qiləvo,” “Kinəlim, şoniş bomıno,” “Tolışə kinə,” “Tı çımı dilbər,” “Zənqi yarım,” “Zanq bıkə” və s. bu qəbildən olan mahnılardır. Bunlardan “Qiləvo” əsərində insanın təbiətə münasibəti, yazın gəlişi ilə təbiətin canlanmasına insanların sevinməsi, məhz təbiətin canlanmasında qiləvonun (bərəkətli yaz küləyi) böyük rol oynaması, onun məhsul bolluğunun əsasında durması diqqətə çatdırılır. “Kinəlim şoniş bomıno” mahnısında isə aşiqin məşuquna sevgisindən, onun nazından, ona olan eşqinin gizli saxlanmasını istəməyindən, aşiqin eşqinin bülbülün güllüyə olan eşqi ilə müqayisəsindən, onun təsadüfi səhvi ucbatından bülbülün bağdan fərari düşməyindən, onu ən gözəl nemət olan balla-şanla müqayisə etməyindən və s. söhbət gedir.

Mahnılar həcm rəngarəngliyinə görə də fərqlənir. Ən çox istifadə olunan dörd misralı bayatıya oxşar mahnılardır. Bu mahnılar əsasən, Qadınlar tərəfindən toy mərasimlərində, tarlalarda-kollektiv iş prosesində (məs.: bicarda) xor şəklində oxunardı. Əlbəttə, bu zaman şən, ürəkaçan mahnılardan istifadə olunardı ki, həm el şənliyi, həm də iş prosesi fərəhli keçərdi.

    Hacı Allahverən Nəzərov -"TOLIŞİ FOLKLOR İYƏN BƏZİ LEKSİK VAHİDON İZOH" kitabından

Oxşar xəbərlər