Türkiyə Vətən müharibəsi qazilərini protezlə təmin edir

06 Apr 2021 15:40
15

Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri - Azərbaycan vətəndaşlarını - Türkiyəyə gətirərək protezləri onlara təqdim etməyə başlayıb.

 

Ambur.az Modern.az-a istinadən xəbər verir ki, AID Bakıda üçölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərərək protezlərin hazırlanmasına başlanılıb.

 

3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə ayaq basmadan protezlər istehsal edilib. Layihə çərçivəsində Türkiyəyə gətirilən xəstələrə ilk protez aeroportda taxılıb. Hava limanında protezini alan xəstə daha sonra hoteldə ayağa qalxaraq yeriməyə başlayıb.

 

Xəstələrin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra onların Vətənə qayıtmaları təmin ediləcək.

 

Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər.

Oxşar xəbərlər