“Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq“ - Akula ləqəbli şəhid mayor Anar Novruzov

14 İyl 2021 17:27
216

Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olmuşdur. Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq olublar.

1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə vermiş, lakin, sonra Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.

1999-cu ildə Ali Hərbi Məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013–2018-ci illərdə Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmiş və snayper və digər müasir silahlardan istifadə etmişdir. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona "Akula" ləqəbi verilmişdir.

2008-ci ilin 4 mart tarixində başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Ağdərə istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Bu döyüşlər Dağlıq Qarabağ münaqişəsi tarixinə 2008 Ağdərə toqquşması kimi yazılmışdır. Toqquşmalar zamanı Anar Novruzov Tərtər rayonunun Həsənqaya kəndində kəşfiyyatçı zabit idi və döyüşlərdə iştirak edirdi. İstifadə etdiyi AQS-17 qumbaraatanından atdığı dəqiq atəşlər nəticəsində Ermənistan Ordusunun yüksək rütbəli zabitləri məhv edilmişdi. İstifadə etdiyi bu qumbaraatandan atdığı sərrast atışlara görə "AQS-17 silahının atası" adını qazanmışdı. Toqquşmaların nəticəsində başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və qarşı tərəfin 12 əsgəri məhv edilmişdir. Cəbhə xəttində önəmli bir dəyişiklik, strateji mövqelərin, postların təmizlənməsi kimi bir hadisə baş verməmişdir.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə "Aprel döyüşləri" olaraq yazılan hərbi əməliyyatlarda xidmət etdiyi korpusun döyüşlərdə olmamasına və özünün Sumqayıtda xidmət etməsinə baxmayaraq Anar Novruzov da yaxından iştirak edirdi. O, bu döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəlpə yarası almışdı. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Bu döyüşlərdən 2 il sonra öz xahişi ilə yenidən ön cəbhəyə qayıdan Novruzov ömrünün sonuna qədər cəbhədə xidmətini davam etdirmişdir. Xidmət müddətində siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir. 26 ildən artıq hərb sahəsində çalışan mayor Novruzov Türkiyədə peşəkar təlimdən də keçmişdir.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı. Anar Novruzov bu döyüşlər zamanı Qazaxda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi, səhhətindəki problemlərə görə hospitalda müalicə alırdı. Lakin, öz arzusu ilə və general-mayor Polad Həşimovun təlimatı ilə səhhətindəki problemlərə baxmayaraq iki AQS-17 silahı ilə kəşfiyyatçı kimi döyüşlərdə iştirak etməyə başlamışdı. İstifadə etdiyi silahlarla qarşı tərəfin bir çox zabitini məhv etmişdi.

Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Həmin an onunla birgə olan general-mayor Polad Həşimov və bir çox zabit-əsgər heyəti şəhid olmuşdur.

İyulun 14-də Anar Novruzov, doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Təpə" qəbiristanlığında, Seyid Sadiq Ağa məqbərəsinin yerləşdiyi yerin yaxınlığında torpağa tapşırıldı.[8] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Masallı rayonunun icra başçısı Şahin Məmmədov qatıldı. Şəhidin cənazəsini qarşılamaq üçün ən azı 20 minə qədər rayon sakini yollara çıxaraq ehtiramlarını bildirib. Anar Novruzov 2003-cü ildə ailə həyatı qurmuş, Nihad adlı oğlu və Firuzə adlı qızı Vətənə əmanət qalmışdır."Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq".
                   Anar Novruzov

2020-ci ildə Masallı rayon onbirillik incəsənət məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi Ehtiram Məmmədov Anar Novruzovun rəsmini çəkmişdir.

2020-ci ildə Masallı rayonunun Qasımlı kəndindən olan gənc heykəltəraş qardaşlar — Akşin və Müstəqil Balayevlər Anar Novruzovun büstünü hazırlamışlar.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, mayor Anar Novruzov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bundan öncə isə o, xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, "Qüsursuz xidmətə görə" III dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Qüsursuz xidmətə görə" I dərəcəli medalları ilə təltif edilir. 

Oxşar xəbərlər