“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilənlərin nəzərinə

01 Apr 2022 19:23
99

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Ambur.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti Aparatının rəhbəri reyestrin formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması qaydası

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Sərəncama əsasən hazırlanıb və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması və istifadə edilməsi qaydalarını müəyyən edir.

Reyestr “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirir.

Reyestr Nazirlər Kabinetinin Aparatı tərəfindən aparılır.

Reyestrin aparılması qaydası

Reyestrdə Nazirlər Kabinetinin müvafiq aktlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə məlumalar əks olunur.

Reyestrə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatlarda təkrara yol verilməməsinə və həmin məlumatlardan səmərəli istifadə edilməsinə imkan yaradan şəxsi qeydiyyat nömrəsi əsasında aparılır və bu barədə müvafiq kağız və elektron daşıyıcıda qeydlər edilir.

Şəxsi qeydiyyat nömrəsi təkrar olunmur və dəyişilmir. Şəxsi qeydiyyat nömrəsi ilə medalın nömrəsi eyniyyət təşkil edir.

Reyestrə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal şəxsi qeydiyyat nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu barədə çıxarış təqdim oluna bilər.

Reyestrə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bazasına daxil edilməsi üçün Nazirlər Kabineti Aparatının aidiyyəti struktur bölməsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və Reyestrdə müvafiq qeydlər aparılır.

Reyestrə daxil edilməli olan məlumatlar

Reyestrə daxil edilməli olan məlumatlar aşağıdakılardır:

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxsin:
1. soyadı;
2. adı;
3. atasının adı;
4. fərdi identifikasiya nömrəsi (FİN-i);
5. mənsub olduğu Azərbaycan Silahlı Qüvvələrinin və ya digər orqanın (qurumun) adı;
6. Təltif edildiyi Nazirlər Kabinetinin müvafiq aktının rekvizitləri;

Medalın seriya və nömrəsi.

Reyestrdəki məlumatların mühafizəsi

Reyestrin istifadəçiləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq istifadə etdikləri informasiya ehtiyatının məlumatlarının mühafizəsi sahəsində müvafiq tədbirləri yerinə yetirməyə borcludurlar.

Reyestrin məlumat bazasından informasiyanın verilməsi

Reyestrdə olan məlumatlar dövlət orqanlarına (qurumlarına) və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərə Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən verilə bilər.

Reyestrdə qeyd olunan məlumatları əldə etmək üçün Nazirlər Kabinetinə yazılı surətdə müraciət edilir.

Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 3 (üç)  iş günü müddətində verilir.

Oxşar xəbərlər