Vətən Müharibəsi Qəhrəmanı, “Hadrut fatehi“, XTQ-nin baş giziri, şəhid Camal İsmayılov

07 İyl 2022 16:21
153

Bu gün Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İsmayılov Camalın doğum günüdür

Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Onun ailədə bir bacısı və bir qardaşı olmuşdur. 1986-cı ildə — Camal İsmayılovun 2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərində yaşamağa başlamışdır.

1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məhtəbinin birinci sinfinə qəbul olmuşdur və birinci sinifi orada bitirmişdir. 1991-ci ildə İsmayılovlar ailəsi doğma Neftçala rayonuna qayıdırlar və Camal İsmayılov təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam elədi. 2001-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı.

2002-ci ildə müddətli həqiqi hərbi xidmətə yola salınır və o, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən zaman hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etməsi barədə qərar verilir.

Camal İsmayılov 2015-ci il martın 2-dən aprelin 2-nə qədər Türkiyənin Konya şəhərinin 3-cü Ana Jet Üs Komutanlığında baş tutan "TURAZ Şahini — 2015" hərbi təlimlərinə qatılır və buna görə diplomla təltif edilir.

2015-ci il mayın 9-da Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiyanın Qızıl meydanında baş tutan parad zamanı mayor Mehdi Mahmudovun rəhbərliyi altında 70 nəfərdən ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin qrupunun heyətində olur. Daha sonra isə o, 2015-ci il sentyabrın 28-dən oktyabrın 16-na qədər Gürcüstanda baş tutan dağçılıq üzrə hərbi təlimlərə qatılmışdır və buna görə diplomla təltif edilir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıır. Tarixə "Aprel döyüşləri" olaraq yazılan döyüşlər zamanı Camal İsmayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilir.

2019-cu ilin 6–24 mayında 5 dövlətin qatıldığı və Kayseri şəhəri yaxınlığında yerləşən Ərciyəs dağında baş tutan "ERCİYES - 2019" hərbi təlimlərinə qatılmışdır, buna görə də diplomlarla təltif edilir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşır. Sentyabrın 27-də səhər döyüşlərində Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarılır və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilir. Camal İsmayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da Tabor Komandiri Kamil Şirinov şəhid olur.

Daha sonra baş gizir Camal İsmayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şükürbəyli və Yuxarı Maralyan işğaldan azad edilir.

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduğdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olur. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara alır. 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilir. Xüsusi Təyinatlı Qüvvələrin Qrup Komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərirlər. Bunlar sırasında baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəliləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, Edilli və Xırmancıq işğaldan azad olunur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edildir.

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınır və Füzuli əməliyyatının əsas hissəsi başlanır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olur. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad edilir. Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olur. Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirir. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirir.

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunur.

Vətən müharibəsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin dörd nəfərdən ibarət olan qrupunun — baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev Hadrut qəsəbəsi istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınmasında müstəsna xidmətləri olur.

Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur. Erməni dilində sərbəst danışan Camal İsmayılov Ermənistan Ordusunun briqadasına Hadrutdan başqa istiqamətə yönlənməsini əmr edir.

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlayır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olur. Ayın 19-da Camal İsmayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olur. Bu onun son döyüşü olur.

Camal İsmayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olur. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olur. Ümumi olaraq Camal İsmayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox döyüşçüsü həlak olan taborudur. Camal İsmayılovun həlak olduğu ayın 21-də, anasının doğum günündə təsdiq olunur. Neftçala şəhərində dəfn olunur.

2008-ci ildə ailə həyatı qurur. 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənir və övladına Alparslan adını verəcəyini deyir. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlmişdir və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilir.

Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Camal İsmayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülür və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər