Vətən müharibəsinin iki şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb

27 Noy 2021 04:56
197

Bakının Biləcəri qəbristanlığında və Abşeron rayonu Ceyranbatan qəbiristanlığında dəfn edilmiş 2 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Ambur.az-ın APA-ya istinadən məlumatına görə, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, optimal həll yolu müəyyən edilib.

Şəhid gizir Xosrovzadə İlkin Azay oğlu və Mikayılov Cəbrayıl Valeh oğlunun nəşləri Yasamal rayon qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik gizir İlkin Xosrovzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, həmin ilin oktyabrın 25-də Zəngilan döyüşləri zamanı şəhid olub.

İlkin Xosrovzadə ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçısı əsgər Mikayılov Cəbrayıl Valeh oğlu 10 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Şəhid ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Oxşar xəbərlər