“Vətən üçün veriləcək canın yoxdursa, onda sus!“- Şəhid XTQ leytenantı Əkbərov Əmrah-VİDEO

18 Yan 2021 17:07
782

Əmrah Şahid oğlu Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuşdur. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Livədirqə kəndində keçmişdir. Əmrah hələ 13 yaşında olarkən atası dünyasını dəyişir. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2005-ci ildə Bakı şəhəri Xəzər rayonuna köçmüş və Xəzər rayonunun 322 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. Vətən sevgisi ilə böyüyən Əmrah həmişə "Vətən üçün veriləcək canın yoxdursa, onda sus!" -deyərdi. Bəli, Əmrah həqiqətən də vətəninə, torpağına bağlı biri idi. 

2013-cü ildə həmin məktəbi bitirmiş və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur. 2016-cı ildə liseyi başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2020-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir. Leytenant rütbəsi alaraq təməl komando kursunu keçmək üçün Xüsusi Təyinatlı Ordu Qüvvələrə ezam olunmuşdur. Kursu bitirdikdən sonra 052 saylı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə Əmrah da Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılır. Kəlbəcər, Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmiş, bir baş kəşfiyyatçı kimi düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, böyük şücaət və qəhrəmanlıq göstərmişdir. Leytenant Əmrah Əkbərov 12 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlər zamanı mühasirəyə düşür və döyüş yoldaşlarını xilas etmək üçün düşmən səngərinə atılaraq üzərindəki qumbaranı partladır. Düşmən qüvvələrini məhv etməklə qrupu xilas edir və özü isə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Livədirqə kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. Əmrahın arzusu Vətən uğrunda şəhid olmaq idi. Bir dəfə dayısı ona "Səni general görmək istəyirəm" - dedikdə, cavabı belə olur: "Generaı nədir ki, dayday. Mən şəhid olacağam". Və o bu arzusuna çataraq ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucalır.

Anası Dürdanə xanım oğlu haqqında olan bir hadisəni belə xatırlayır: "Ona xərclik üçün pul verərdim, amma o pulu xərcləməzdi, yığardı, mənə hədiyyələr alardı. Çox ağıllı uşaq idi. Uşaqlıqda da, böyüyəndə də. Həm qohuq-əqraba arasında, həm dost-tanış arasında çox sevilirdi. Böyük-kiçik yeri bilən biri idi. Bir dəfə olmadı ki, nəsə bir pis hərəkət eləsin, mən ona əsəbləşim". Bundan əlavə oğlunun döyüşə girməzdən əvvəl ona dediklərini isə belə xatırlayır. "Axırıncı dəfə oktyarın 11-də mənimlə danışdı. Mənə dedi ki, Ana, hər şey ola bilər, 1-2 saata gedirik, bir kənd var, onu almağa. Alarıq, gələrik. Sonra qayıtdı, dedi ki, qətiyyən heçnədən narahat olma. Hər şey yaxşıdır". 

Böyük qardaşı Orxan isə qardaşı haqqında belə xatırlayır: "Mən Əmrahın bir qardaşı kimi, bir kursant yoldaşı kimi, bir zabit yoldaşı kimi Əmrah haqqında nə qədər danışsam da az olar. Bunu, Əmrah mənim qardaşımdır deyə demirəm, həqiqətən necə ki, uzunömürlülər haqqında danışıqca bitmir. Həmçinin mənim qardaşım haqqında da eynən. O, 22 il yaşamasına baxmayaraq haqqında nə qədər danışsam, bitməz. Həddindən artıq çox mərd, qorxmaz, cəsur biri idi. Hətda Əmrah mənim yanımda olsaydı, mən onunla ordunun qabağına çıxacaqdım. Yəni, o qədər qorxmaz, mərd biri idi Əmrah".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Livədirqə kəndində anadan olan şəhid Əmrah Şahid oğlu Əkbərov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Bundan əvvəl də leytenant Əkbərov "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif olunmuşdu. Allah qəhrəman leytenant, Əmrah Əkbərova rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər