“WhatsApp” qalmaqala görə müqavilə yenilənməsini təxirə saldı

16 Yan 2021 10:25
87

“WhatsApp” messengeri istifadəçilər arasında rezonansa səbəb olan istifadəçi müqaviləsi ilə bağlı yenilənmənin tətbiqini təxirə salıb.

Ambur.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir:

“İstifadəçilərin yeni şərtlərə (istifadəçi müqaviləsinin yenilənməsi) baxması və qəbul etməsi ilə bağlı tarixi təxirə salırıq. 8 fevraladək heç bir istifadəçinin hesabı bağlanmayacaq və ya silinməyəcək”.

Mesajlaşma xidmətinin məlumatında qeyd olunur ki, bu tarix 8 fevraldan 15 maya keçirilib. Şirkətdən bildirilib ki, bu müddət ərzində istifadəçilər yenilənmənin şərtləri ilə “rahat şəkildə” tanış ola və onları qəbul edə bilərlər.

Şirkət, həmçinin, yayılmış dezinformasiyalara da aydınlıq gətirib. Belə ki, açıqlamada qeyd olunur ki, bütün şəxsi yazışmalar başdan-başa şifrələnmiş şəkildə olduğu üçün onları nə “WhatsApp”, nə də “Facebook” görə bilər. O cümlədən, məkan məlumatları da gizli qalacaq və “Facebook”la paylaşıla bilməz.

Xatırladaq ki, “WhatsApp” messenceri bundan əvvəl fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bir bənd əlavə edərək istifadəçi müqaviləsini yeniləmişdi. Razılaşmanın mətnində “WhatsApp”ın, “Facebook” korporasiyasının bir hissəsi olaraq, istifadəçilərin vərdişlərini və zövqlərini təhlil etmək üçün onun haqqında lazımi məlumatları şirkətin bütün "tətbiqetmə ailəsi" ilə bölüşəcəyi bildirilirdi.

Oxşar xəbərlər