Xanəli Tolış-TALIŞA GƏL

24 Yan 2021 13:01
133

Bir vaxt sizi, Tofiq İlham səslədi,
Baloğlanla neçə nəğmə bəslədi.
Şerimizi tumarladı, süslədi,
O nəğmələr dönüb dosta, tanışa,
Talışa gəl, Talışa gəl, Talışa.


Çıx Palıdlı sahilinə dənizin, 
Sular olsun ayaqyuyan kənizin.
Gülsün üzün, açılsın bətbənizin,
Ürəyində bəlkə közün alışa.
Talışa gəl, Talışa gəl, Talışa.


Süfrə açın Buzbulağın başında,
Çiçək dərin Dəmbəlovun qaşında.
Nəfəsini duyun dağın-daşın da,
Dost kimi gəl,rəvac vermə yanlışa.
Talışa gəl, Talışa gəl, Talışa.


Bu yerdədir gözəlliyin çələngi,
Bu yerdədir gözəllərin qəşəngi.
Ye nur verər gözlərinə "ləvəngi".
Nənəm qədim tarixindən danışar.
Talışa gəl, Talışa gəl, Talışa.

Əzəməti gör dağların boyunda,
Xanəli tək xatirələr qoy onda.
Dəstəmaz al dərələrin suyunda,
Layiq olaq ilahi bir alqışa.
Talışa gəl, Talışa gəl, Talışa.

                   Xanəli TOLIŞ_18.12.2014

Oxşar xəbərlər