XİLQƏT: “Şəhid“- QƏZƏL

21 Noy 2020 15:47
134

Səni yad eyliyərik gündə fəxarətlə, şəhid,
Üzüağ kamə yetişdin bu şəhadətlə, şəhid.

Öldürübsən bu şəhadətlə dəyərsiz ölümü,
Xar edib düşməni mərdanə, şərafətlə, şəhid.

Təkcə Allah bilir, ey Kərbübəla mə`zunu,
İmtahandan necə keçdin, neçə qiymətlə, şəhid.

Parə-parə əl-ayağın səpilib topraqə,
Vermisən canı Vətənçün nə səxavətlə, şəhid.

Bir zamanlar sənə fərman verənlər, indi,
Baş əyir özləri qarşında nəzakətlə, şəhid.

Xoş sənin halına, cənnətdə şəhidlər ağası,
Özü pişvaz edəcəkdir səni xəl`ətlə, şəhid.

And ola qolsuz Əbəlfəzdə olan qeyrətə ki,
Olmusan pak məhəbbət ilə, qeyrətlə şəhid.

Eşq karvanına çatdırdın özün, biz qaldıq,
Çəkirik hər nəfəsi, ahı xəcalətlə, şəhid.

Uca adın nə qədər ki, yer alar şe`rində,
Xiqətin şe`ri sürər ömrü lətafətlə, şəhid.

                                                  XİLQƏT

Oxşar xəbərlər