Xocavənd istiqamətində şəhid olan könüllü Sadiq

26 Fev 2021 13:40
1128

Sadiq Nadir oğlu Rəhimov 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olmuşdur. 2 qardaş 3 bacı olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2004-cü ildə Lerik rayonu şəhid Valeh Rəhimov adına Veri Əliabadı kənd ümumi məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olub. 2017-ci ildə kolleci başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindəm həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2019-cu ilin yanvar ayında xidmətini başa vurduqdan sonra evinə qayıdır və ticarətə məşğul olmağa başlayıb.

2-ci Qarabağ müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan müharibədə iştirak etmək istəyən Sadiq 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Sadiq 03 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Veri Əliabadı kəndinə gətirilir və 06 noyabr tarixində kənd qəbiristanlığında torpağa tapşırılır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Veri Əliabadı kəndində anadan olan könüllü əsgər Sadiq Nadir oğlu Rəhimov ölümündən sonra "Füzulinin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər