Xüsusi Təyinatlı gizir, şəhid Haşımov Tərzan ordenlə təltif edilib

05 Noy 2021 15:45
345

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Haşımov Tərzan ordenlə təltif edilib

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid gizir Tərzan Qəhrəman oğlu Haşımov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bundan öncə isə o, ölümüdən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Qeyd edək ki, Tərzan Qəhrəman oğlu Haşımov 1989-cu ildə aprel ayının 13-də Lerik rayonunun Bibiyani kəndində anadan olmuşdur. 2006-cı ildə orta təhsilini başa vurduqdan sonra 2007-ci ilin aprel ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilmişdir.

Tərzan 1 oktyabr 2008-ci ildə xidmətini başa vurduqdan sonra doğulduğu kəndə -Bibiyani kəndinə qayıdır. Bir müddətdən sonra doğmalarına yenidən hərbiyə qayıtmaq istədiyini, hərbçi olacağını söyləyir. Lakin Tərzanın doğmaları bu yolun ağır və şərəfli bir yol olduğunu bildirir. Buna baxmayaraq Tərzanı yolundan döndərə bilmirlər. Beləliklə Tərzan 15 oktyabr 2009-cu ildən 6 mart 2010-cu ilə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"nda oxumağa başlayır. Kurs dövründə Tərzan Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimovla bir yerdə olmuşdur. Mubariz şəhid xəbəri Tərzana çox pis təsir etmiş və "ruhun şad olsun, Mubariz, qisasın alınacaq" -demişdir. 

II Qarabağ müharibəsində Tərzan iştirak edir, düşmənə qan uddurur, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Müharibənin 4-cü günü Tərzan bir neçə silahdaşları ilə birgə yaralanır və Hərbi Hospitala göndərilir.

Hələ tam sağalmayan Tərzan "Mən burada qala bilmərəm, döyüş yoldaşlarım orada döyüşür" -deyərək yenidən döyüş meydanına qayıdır. Qəhrəman gizir Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Laçın uğrunda gedən şiddətli döyüşlərdə yüksək şücaət və qəhrəmanlıq göstərmişdir. Oktyabr ayının 19-da Tərzan 30 nəfərdən ibarət şəxsi heyətlə Qırmızı bazar uğrunda gedən döyüşlərə qatılır və 600 nəfər erməni ilə vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirən gizir döyüşdə ağır yaralanır və xəstəxanaya gətirildiyi zaman 19-dan 20-nə keçən gecə qəhrəmancasına şəhidlik məqamına ucalır.

Tərzanın həyat yoldaşı Mətanət xanım xatırlayır: "6 oktyabrda yuxuda Tərzanın şəhid olduğunu gördüm. Onunla telefonla danışanda mənə dedi ki, nə olub nəsə məndən gizlədirsənsə, de mənə. Dedim ki, yuxumda şəhid olduğunu gördüm. Dedi ki, bu can Vətən üçündür. Şəhidlik hara, mən hara. O uca məqama hər kəs ucala bilməz. Şəhid olsam nə xoş halıma".

Allah rəhmət eləsin!

Oxşar xəbərlər