Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Şərəfli ömür yolu” adlı tədbir keçirilib

03 Dek 2021 21:31
186

Dekabrın 1-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Şərəfli ömür yolu” adlı tədbir təşkil olunub. 

Ambur.az xəbər verir ki, tədbirdə Mərkəzin əməkdaşları və Yardımlı şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

İlk öncə, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra dəyirmi masa ətrafında davam edən tədbirdə ulu öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev dahi şəxsiyyətin şərəfli ömür yolu haqqında geniş məruzə ilə çıxış edib. A. Ağayev adını müasir dövlətçilik tariximizə yazan, Azərbaycanı məhvolma təhlükəsindən qurtaran və xalqımızın yaddaşına əbədi həkk olunmuş əvəzolunmaz, müdrik insanın dövlətimiz qarşısındakı danılmaz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə xalqının milli maraqlarını hər zaman uca tutan fenomen şəxsiyyət haqqında fikirlərini dilə gətirib.

Tədbirin sonunda “Dahi Şəxsiyyət” filmi nümayiş olunub və tədbir iştirakçıları Muzey bələdçisi Tural Kərimovun müşayiəti ilə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Oxşar xəbərlər