Yardımlıda 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib

15 Yan 2022 08:24
44

Yanvarın 13-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilib. 

Ambur.az-ın xəbərinə görə, tədbirdə Yardımlı şəhər 4 saylı tam orta məktəbinin şagirdləri iştirak edib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə, Muzeyin baş fond mühafizi İlqar Həsənov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərində baş vermiş qanlı hadisələr, xalqın azadlıq və müstəqillik tələbləri uğrunda apardığı dönməz mübarizəsi barədə danışıb. Dövrün siyasi mənzərəsindən geniş söz açan İ. Həsənov, həmçinin ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də qanlı faciənin günahkarlarını dünya ictimaiyyəti qarşısında ittiham edən tarixi çıxışına da toxunub.

Sonra dövrün ictimai-siyasi prosesləri barədə məlumat verən Muzeyin elmi işçisi Əlisəfa Əhmədov, 20 yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycanın qəhrəmanlıq tarixinə və xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib.

Muzeyin fond mühafizi Anar Baloğlanlı isə çıxışında şəhidlərimizin qanının yerdə qalmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin qanlı hadisələr zamanı qoyulduğunu vurğulayıb.

Daha sonra tədbirdə iştirak edən məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeir kompozisiyaları səsləndiriblər.

Oxşar xəbərlər