Yardımlıda şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

28 Sen 2021 13:12
57

Dünən Yardımlı rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Sahratov Cavid Əlikömək oğlunun və  Qarayev Amal Ədalət oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Ambur.az xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, şəhid ailələri, qazilər, şəhidin hərbiçi yoldaşları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə dövlət himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Cavid Sahratovun, Amal Qarayevin onlarla bərabər canlarını vətən uğrunda fəda etmiş şəhidlərimizin şərəfli həyat yolundan bəhs edib. RİH başçısı vurğulayıb ki, şərəfli döyüş yolu keçən Cavid, Amal və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.
Cavid Sahratov 23 dekabr 1981-ci ildə Yardımlı rayonunun Əsədabad kəndində anadan olmuşdur.  2000-ci ildə  həqiqi hərbi xidmətə çağırılmış, 2005-ci ildən   gizir rütbəsi ilə tank komandiri vəzifəsində hərbi xidmətin davam etdirmiş, xidmətdə olduğu müddətdə qüsursuz xidmətinə görə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) Azərbaycan Respublikasının yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubileyi”, “Qüsursuz xidmətinə görə 2-ci dərəcəli” medalları ilə təltif olunmuşdur . Vətən Müharibəsində də tank komandiri kimi  iştirak etmiş və Cəbrayıl rayonunun  azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  ölümündən sonra “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”  və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

Amal Qarayev 23 yanvar 2001-ci ildə Yardımlı rayonunun Ərus kəndində anadan olmuşdur. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, Vətən müharibəsində iştirak etmiş və Füzuli – Cəbrayıl istiqamətində döyüşlərdə şəhid olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Şücaətə görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Oxşar xəbərlər