YAŞAR RZAYEV-80

07 Apr 2021 14:34
145

Yaşar Hüccətulla oğlu Rzayev 07 aprel 1941-ci ildə Lənkəran şəhərində, qulluqçu ailəsində anadan olub. Doğma Lənkəranda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Tələbə ikən bədii yaradıcılıqla məşğul olmuş, hekayələr və TV verilişləri ssenariləri yazıb. İlk hekayələri "Aprel çiçəkləri" və "Gənc qələmlər" almanaxlarında, "Azərbaycan" jurnalında dərc edilib. 60-cı illərdə ədəbiyyata gələn nəslin sıralarında durmuş, həmin illərin oyanış ab-havası ilə yaşayıb, yaratmışdır. Universiteti fərqlənmə ilə bitirdikdən sonra Lənkərana qayıdıb və həyat yolu daha çox doğma şəhərimizlə bağlı olub. Yerli qəzetdə və axşam məktəbində işləyib. Sonra 2 il Ali Partiya Məktəbində oxuyub. O illərdə ilk hekayələr kitabı nəşr olunub. Partiya məktəbini də fərqlənmə diplomu ilə bitirib. Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, 1983-cü ildə 2-ci katib seçilib. 1989-cu illərdə respublikada, o cümlədən Lənkəranda xalq hərəkatının təşəkkül tapdığı dövrdə -noyabr ayında Şəhər partiya komitəsinin plenumu Mərkəzi meydana toplaşan minlərlə lənkəranlının tələbi ilə Bakıdan MK tərəfindən göndərilən namizədi geri qaytararaq Yaşar müəllimi 1-ci katib seçib. "Ömürdən səslər" kitabından: "60-cı illərin yenilik axtarışları ruhunu, demokratiya cücərtilərini, 80-ci illərin oyanışını özümdə yaşatdım... çətin də olsa, öz gücümlə irəlilədim və nəhayət, rayonun 1-ci katibi oldum. Amma çiyinlərimdə çox ağır bir yükün olduğunu hiss etdim" (1992). 1990-1995-ci illərdə AR-in deputatı seçilib. 1992-1993-cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialının direktoru işləyib. 1993-1995-ci illərdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini olmuşdur. 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Bu müddət ərzində 200-dən çox çıxışı olub. Həmçinin MDB Parlament Assambleyasının üzvü kimi fəaliyyət göstərib. Sankt-Peterburqda, Minskdə, Samsunda keçirilən müxtəlif toplanışlarda çıxışlar edib. 2000-2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı işləyib. Yazıçılar Birliyinin üzvüdür, 9 kitab müəllifidir. "Dünya mənim"romanı, "Yay əhvalatı", "Əks-səda", "Dəryada gəmim qaldı" povestləri, "Vəlinin kupletləri", "Palatanın tavanı ağappaqdır", "Sözsüz mahnı", "Ana ömrü" və s. hekayələri Yaşar müəllimin yazdığı maraqlı bədii nümunələrdəndir.

Y.Rzayev filologiya üzrə fəlsəfə doktorudur. "Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu"(1960-1980-ci illərdə) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. "Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)adlı doktorluq dissertasiyası yazıb. 45 elmi, 200 müxtəlif məqalə, oçerk, resenziya, tərcümə müəllifidir. Elmi məqalələri Rusiya, İran, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistanda elmi mətbuat orqanlarında nəşr olunub. Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Yaşar müəllim həm də gözəl ailə başçısı, qayğıkeş atadır. 2 oğlu, 2qızı, 7 nəvəsi və 1 nəticəsi var. Allah ömür versin. 

Mənbə: Facebook-Cənub bölgəsinin ziyalıları(Ceyran Həsənova)

Oxşar xəbərlər