Yazıçı, filoloq Firudin Ağayev - 1933-1995

31 Avq 2021 16:17
848

Firudin Balakişi oğlu Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində, fəhlə ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1953-1958 -ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. 1958-ci ildə əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi başlamış, 1960-1963-cü illərdə radio uşaq verilişləri redaksiyasında baş redaktor, 1963-1966 -cı illərdə televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini, 1966-1968 -ci illərdə bədii verilişlər redaksiyasında baş redaktorun müavini, 1968-ci ildə uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor, 1968-1969 -cu illərdə səhnə verilişləri redaksiyasının redaktoru, 1969-1970 -ci illərdə "İncəsənət" redaksiyasının baş redaktoru, 1970-1971 -ci illərdə "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, 1971-1973 -cü illərdə baş redaktoru, 1973-1976 -ci illərdə musiqili verilişlər baş redaksiyasının redaktoru, 1976-cı ildə əyləncəli proqram redaksiyasının böyük redaktoru, 1976-1978 -ci illərdə "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru olmuşdur. 

1978-1991 -ci illərdə ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri, 1991-1995 kinoverilişləri baş redaksiyasının böyük redaktoru vəzifələrində çalışmışdır.

Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir.

Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. 1970 -ci ildə medalla təltif olunmuşdur. 

1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir.

Nəşr olunan kitabları:
1."Qayıq dənizə çıxır" Bakı: Uşaqgəncnəşr, 1961
2. "Qardaşlar" Bakı: Gənclik, 1967
3. "Səni düşünürəm" Bakı: Azərnəşr, 1970
4. "İldırım dənizə çaxır" Bakı: Gənclik, 1975
5. "İldırım ömrü" Bakı: Gənclik, 1981
6. "Mən uşaq olmamışam" Bakı: Gənclik, 1985 
7. "Skripkanın sərgüzəşti" Bakı: Gənclik, 1988.

Mənbə: Cənub bölgəsinin ziyalıları -Ceyran Həsənova

Oxşar xəbərlər